Tovuz İcra Hakimiyyətinin yeni başçısı Məmməd Məmmədov «Turan»ı nəzarətə götürüb.
Rayona rəhbər təyin olunandan sonra yolunu stadiondan salan Məmmədov stadionun vəziyyəti ilə yaxından tanış olub.
Ardından İcra Hakimiyyətində klub rəhbərliyi ilə toplantı keçirilib. Başçı «Turan»ın problemləri ilə yaxından maraqlanıb, görülməsi gərəkən işlərlə bağlı təklifləri dinləyib.
Tovuzun birinci şəxsi bildirib ki, «Turan» rayonun ən böyük idman məbədidi, dəyərli keçmişi və uğurları var.
Klubu yaxın gələcəkdə I Divizionda deyil, yenidən Premyer Liqada görmək istədiyini söyləyən Məmmədov qeyd edib ki, o, bunun üçün imkan daxilində yardımını əsirgəməyəcək.
Rayon rəhbəri komandanın güclülər dəstəsində çıxış etməsi üçün nə qədər büdcə lazım olduğunu öyrənib.
Onun nəzərinə çatdırılıb ki, burda söhbət 1 milyon manatdan gedir. Məlumat verilib ki, klub bir neçə ildi sırf AFFA-nın ayırdığı maliyyə vəsaiti hesabına fəaliyyət göstərir, başqa bir mənbədən gəlir əldə etmir.
İcra başçısı «Turan»la bağlı qarşıdakı həftələrdə daha bir iclas keçirəcəyini və cari məsələlərin yerli-yataqlı müzakirəsinə geniş zaman ayıracağını vurğulayıb.
SORTİNFO.AZ

