İlk iki turda xala həsrət qalan “Kəpəz”in baş məşqçisi Etibar İbrahimov ötən saylarımızın birinə müsahibəsində uğursuz startı sərəncamında təcrübəli futbolçuların olmaması ilə əlaqələndirmişdi.
Etibar bəyin bir fikiri xüsusi ilə diqqəti çəkən olmuşdu: “Hazırda heyətdə yer alan futbolçuların hamısı Gəncə futbol məktəbinin yetirmələridi. Sonuncu dəfə 1995-ci ildə “Kəpəz”də ancaq yerli oyunçular top qovub”.
Sportinfo.az xəbər verir ki, İbrahimov ancaq gəncəli futbolçularla işlədiyini xüsusi qeyd etsə də, nədənsə, heyətdə yer alan Dieqo Qusmaonu unudub.
Ötən ilin qışında “sarı-göylər”in sabiq baş məşqçisi Yunis Hüseynovun istəyi ilə kollektivə cəlb olunan braziliyalı xavbek hələ də Gəncə klubunun düşərgəsindədi.
Mətbuatda yayılan xəbərlərə inansaq, bir neçə gündən sonra 30 yaşını qeyd edəcək “sambaçı” məşqlərə çıxsa da, çempionat oyunlarında komandaya kömək etmir. Əvəzində ayda 7 min dollar maaş alımaqla klubun büdcəsinin tozsoran kimi sovurur.
Mövsümlərarası fasilədə klub rəhbərliyi onu yola yola salmağa cəhd etsə də, futbolçu FİFA-ya şikayət ünvanlayacağını bildirməklə rəsmiləri geri çəkilməyə məcbur edib. Məsələyə aydınlıq gətirmək üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq (Futbol+).
Azad bəy “sambaçı”nın maaşından xəbərsiz olduğunu bildirsə də, meydana çıxmamağının və Şəmkirdə məskunlaşmasının səbəbini açıqladı:
“Bildiyiniz kimi, “Kəpəz” mövsümə Şəmkirdə hazırlaşırdı. Dieqo hər gün Gəncədən Şəmkirə gedib gəlməmək üçün bir müddət Şəmkirdə ev kirayələməyə qərar verdi. Ancaq artıq Gəncəyə köçməyə hazırlaşır.
Hazırda şəhərdə yeni mənzil axtarışındadı. Yəqin ki, yaxın günlərdə braziliyalı futbolçu Gəncədə məskunlaşacaq. O ki qaldı onun meydana çıxmamasına, bir müddət zədəli olduğundan tam gücü ilə məşq edə bilmirdi.
Yarımmüdafiəçi iki gün öncə həkim müayinəsindən keçib və ona problemin geridə qaldığını bildiriblər. Ümid edirik ki, artıq növbəti turda Dieqo meydana çıxıb komandaya kömək edəcək. O təcrübəsi ilə gənclərə yardımçı olacaq”.

