«AFFA bizim klubun büdcəsini azaltmayıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.
O, klubda baş verən son dəyişiklər barədə saytımıza geniş məlumat verib: «Nəyə desəz, and içə bilərəm. Büdcə necə varıydı, elə də qalıb.
AFFA-dan gələn pul qabaqlar da çatmırdı, indi də çatmır. Məsələ ondadı ki, mən neçə dəfə Tovuzda İcra Hakimiyyətinin, iş adamlarının yanında dedim ki, AFFA kluba pul verir, bir az da siz kömək edin də.
Komandanı çempion eləyəndə də, dedim ki, baxın, mən gedirəm, bundan heç kim inciməz, gəlin götürün «Turan»ı. Onu da dedim ki, kimi istəyirsiz, gətirib qoyun rəhbər.
Tovuzda futbol olmalıdı axı, çünki futbolçuların çoxu bu rayonda yetişir. Qayıtdım ki, Tovuz sizin öz rayonunuzdu, niyə kluba pul buraxmaq istəmirsiz? Nə bilim, heç kəs «Turan»a pul buraxmaq istəmir.
İndi elə eləyiblər ki, çempionatda oynayanların hamısı cavanlardı. Əvvəl rayona gedən yox idi. Xahiş də edirdin, yalvarırdın, yenə gəlmirdilər.
Deyirdim ki, bura sənin öz rayonundu, mən qəbələli ola-ola Bakıdan durub Tovuza gedirəm, amma siz bu torpaqda doğulduğunuz halda, «Turan»a kömək etmək istəmirsiz.
Yalvarırdım ki, gəlin, «Turan»ı bir günə çıxaraq. AFFA limiti dəyişəndən sonra biz də üstünlüyü vermişik cavanlara. Pulu da azaltmışıq. Əvvəl Bakıdan gələnlərə bir az çox pul verirdin, yerlilərə bir az.
Yerli uşaqlar da oynasa, mən sizə deyim ki, artım var «Turan»da. Öz-özünə yetişir, sadəcə, bir balaca fikir vermək lazımdı. Mən sentyabrın 12-də Tovuza getməliyəm, yeni icra başçısı Məmməd Məmmədovla görüşməliyəm. Əgər bizə kömək eləsə…
Onlara demirəm ki, gətirin mənə pul verin. Mənə pul vermək lazım deyil. Stadionun arxasında böyük boş yer var. Oranı düzəltmək mümkün olsa, uşaq məktəbini daha da böyüdə bilərik. İcra başçısından xahiş edəcəm ki, gəlin, oranı pullu edək.
Dövlət idarələrində və müəssisələrdə işləyənlərin hərəsi illik 6 manat versin. Yəni bu, elə məbləğdi ki, heç kimin büdcəsinə mənfi təsir eləməz. Alınsa, mən həmin pulu götürüb uşaq futboluna buraxaram. Belə olsa, qısa müddətdə böyük inkişafa nail ola bilərik.
Tovuzda futbolu sevirlər. Komanda bir balaca yaxşı çıxış edən kimi camaat gəlib tökülür stadiona. Bu gün problem ondadı ki, nəinki gənclər, hətta uşaqlar da «Turan»dan qaçır. Deyirəm, hara qaçırsız e, gəl, öz rayonunda oyna da…
Bu yay ordan-burdan, dost-tanışdan pul götürüb, paltardəyişmə otaqlarını, tualeti təmir elədik. Yəni kömək eləyən yoxdu bizə. Yenə yaxşı ki, AFFA «Turan»a pul verir. Verməsələr, ümumiyyətlə, Tovuzda futbol olmayacaq. Rayonun imkanlı şəxsləri bu barədə fikirləşsə, klubu saxlamaq olar.
Sabah AFFA da pul verməsə, biz heç nə edə bilmərik. Təzə icra başçısı «Turan»la maraqlanıb. «Ağsu» ilə birinci oyun vaxt Bakıda işim varıydı, Tovuza gedə bilməmişdim, mənə dedilər ki, başçsı orda olub.
AFFA ilə danışığımız əvvəldən belə olub ki, mən vaxtım olanda gedib-gələcəm. Hər gün gedib Tovuzda otura bilmərəm, əsas işim Bakıdadı. Mənim bu işimdən çıxmaq fikrim yoxdu, heç getmərəm də.
Futbol belədi ki, vəzifə bu gün var, sabah yoxdu. Orda gedib qalası deyiləm. Mən klubu Bakıdan idarə edirəm. Azərbaycanın daha futbolçusu olmuş Nadir Nəbiyev idman direktorudu. Oturub Tovuzda, əsas işləri götür, mən də burdan ona dəstək verirəm. Ayda ancaq iki-üç dəfə Tovuza gedib-gəlirəm.
Başçı müavinləriylə gəlib stadiona, məni soruşub. Tovuza gedəndə görüşüb onu başa salacam. Deyəcəm ki, mənə kömək ol. Deməyəcəm ki, gətir mənə 100-200 min ver. Lazım deyil.
Mən bilirəm ki, Məmməd müəllim bunu edəcək. Cavan oğlandı, futbolla yaxından maraqlanır. Sözün açığı, başçının klubla maraqlanmasının özü artıq yaxşı haldı. Əsgər Abdullayev «Turan»a sərfəli idi. Həm yaxşı məşqçidi, həm də komandanı bir yerə yığmağı bacarır.
«Turan»ın çempionluğunda xidmətləri böyükdü. Şərait elə gətirdi, fikirləşdim ki, bundan sonra komandanın başınday yerli məşqçi dayansa, yaxşı olar. Çünki öz rayonudu, hər yeri gəzəcək, kəndlərə gedəcək, uşaq tapacaq. Kənardan çağırdıımız məşqçi Tovuzda heç yeri tanımır və kəndlərdə uşaq axtaran deyil.
Vidadi Rzayev variantı var idi. Bizim bu gün elə imkanımız yoxdu ki, məşqçiyə 1000-15000 manat maaş verək. Uzun illərdi «Turan»da işləyən Eltay Aslanovla Rasim Əliyevə etimad göstərmişik.
Komandanın tamamilə cavanlaşmasına, əksər uşaqların təcrübəsiz olmasına və çempionatın başlamasına az qalmış yığışmağına baxmayaraq ki, «Turan»ın bu mövsüm yaxşı yer tutacağına inanıram.
Bəli, mən bir neçə ay əvvəl demişdim ki, əgər «Turan» Premyer Liqaya buraxılmasa, vəzifədən gedəcəm. Bu gün də həmin fikirdə qalıram ki, divizionda belə vaxt keçirmək mənasızdı və mənlik deyil.
Düzünü deyim ki, eyni vaxtda iki yerdə işləməyə çatdırmıram. Nadir müəllim yanımda olmasaydı, mənə daha çətin olardı. O. həm futbolu yaxşı başa düşür, həm də mənə böyük dəstəkdi.
Mən qalmırdım, gedirdim, Yenə xahiş elədilər, getməyə qoymadılar. Bilirsiz, mən sabah ordan getsəm də, yerli adam klubda işləyə bilməyəcək. İşləyə bilər e… Amma yerli adama qoymayacaqlar işləməyə.
Özüm Qəbələdənəm, amma «Qəbələ»də işləyə bilmərəm. Öaşqa yerdən gələn işlə bilər, çünki onun heç yerdən asılacağı yoxdu. Həyatdı, nə bilmək olar… Bəlkə nazirlik bundan sonra orda işləməyimə icazə vermədi?
Mənə qədər nə olub, bilmirəm. Ancaq «Turan»a özümlə heç kimi gətirməmişəm. Gələndə kimlər varıydısa, bu gün də klubdadılar. Heç kimə dəyməmişəm. Elə sistem yaratdım ki, hamısı öz pulunu alı rvə bir nəfər kimi məndən razıdılar.
Bir nəfər yoxdu ki, məndən narazılıq eləsin. Klubda çalışanların maaşı kart sisteminə keçib. Tapşırmışam ki, kimsə kimsədən pul istəməsin.
Rayonda bugünkü gün 300-500 manat böyük puldu. Hamı canla-başla işləyir. Başqa yerdə gərək işçinin başının üstündə durasan, burda isə hər kəsən öz işini görür, bir-birinin işinə qarışmır».

