“Kəpəz” hələ Premyer Liqada mübarizə apardığı dönəmdə günü qara idi.
Beş kişinin əlinə baxan klubda zaman-zaman müxtəlif problemlər ortaya çıxırdı.
Sportinfo.az xəbər verir ki, komanda birinci diviziona yuvarlanandan sonra isə qayğılar bir az da artıb.
Geridə qalan üç mövsümdə “Kəpəz”liləri gəzdirən gözəgəlimli avtobus artıq komandaya məxsus deyil. Belə ki, klubun Müşahidə Şurasının üzvü, həm də Gəncə Avtomobil Zavodunun İdarə Heyətinin rəhbəri olan Xanlar Fətiyev zavodun balansında olan nəqliyyat vasitəsinin dayancağa aparılmasına dair göstəriş verib.
Odu ki, müasir standartlara cavab verən avtobus artıq xeyli vaxtdı “Kəpəz”lilərdən uzaq düşüb. Futbolçular və məşqçi heyəti oyunlara klubun ixtiyarında olan kiçik tutumlu “Otoyol”la gedib-gəlir.
Maraqlıdı ki, MAZ markalı avtobusun “Kəpəz”dən birdəfəlik alındığını heç kim demir. Adını “ehtiyat hissələri gəlməlidi, onu gözləyirik” qoyublar. Təbii, bəhanədən başqa bir şey deyil.
Sadəcə, sabiq icra başçısı Elmar Vəliyevin vəzifəsindən ayrılması Xanlar bəy kimi, başqalarının da əlinə “kozır” verib. Klubda kimin nəyi varsa, geri alırlar. Yenə o vaxt qorxub-çəkinəcəkləri yer var idi – başçı. İndi dərəbəylikdi. “Kəpəz” kimin nəyinə lazımdı?
Onsuz da klubun mətbuat katibi Azad Mustafayevlə söhbətdə yeni nəsə ala bilməyəcəyimizi bilirdik. Gəncədə yaşayan, klubda çalışan birinin məsələnin kökü haqda nəsə deməyəcəyi gün kim aydın idi. Sadəcə, etika xatirinə zəng etdik.
Eşitdiklərimiz isə bunlar oldu: “Bəli, iritutumlu avtobus hazırda təmirdədi. Nə vaxt düzələcəyi haqda məndə dəqiq məlumat yoxdu.
Yəqin ki, qısa vaxtda nəqliyyat vasitəsindəki nasazlıq aradan qaldırılar. Buna baxmayaraq, hazırda “Kəpəz” avtobussuz deyil. Komandanı oyunlara aparıb-gətirən nəqliyyat vasitəsi var”.
Deyək ki, Azad bəy bu fakta don geydirməyi bacardı. Bəs klub saytının fəaliyyətsiz qalmasına cavabı nədi? Hər iki aydan bir “ödəniş olunmadığı üçün sayta giriş qadağandı” məlumatını oxumağımızın səbəbi, sən demə, klubda çalışanlardan asılı deyil.
Hər halda, Mustafayev belə deyir: “Ödənişə görə bağlanıb. Artıq ödəniş edilib, yaxın saatlarda saytın fəaliyyəti bərpa olunacaq. Burda bizlik bir şey yoxdu.
Əməkdaşlıq etdiyimiz şirkətin serveri Hollandiyada yerləşir. Hər ayın 8-i ödəniş vaxtıdı. Lakin biz 5-nə qədər ödəyirik ki, problem olmasın. Amma yenə anlaşılmazlıq yaranır.
Hər ayın əvvəli saytı dondururlar. Səbəbini bir neçə dəfə soruşmuşuq. Deyirlər ki, vaxtı bitən digər saytları bağlayanda səhvən sizin saytı da bağlayırıq.
Yəni bizdən asılı olan məsələ deyil. Mayda 4 aylıq ödəniş etmişdik. Ödənişin vaxtı sentyabrın 8-də bitir. Gördüyünüz kimi, ayın 4-dü və artıq bağlayıblar” (Futbol+).

