«Qəbələ» akademiyasının 2 yetirməsi cari mövsümdən «Qarabağ»ın şərəfini qoruyur.
Roman Qriqorçukun ötən sezon əsas komandaya cəlb etdiyi Hacıağa Hacılı və «Slaviya»dan qayıdan Rövlan Muradov hazırda Ağdam təmsilçisinin əvəzedici heyətindədi.
21 yaşlılardan ibarət yığmanın üzvləri «Qarabağ-2»də artıq özlərini göstərməyə başlayıblar. Çexiya klubu ilə müqaviləsi uzatmayan Muradov I Divizionda 2 qol vurub.
İstər o, istərsə də Hacılı «Qarabağ»da icarə əsasında çıxış edir. Maraqlıdı, çempionluq uğrunda yarışan «Qəbələ» onları əsas rəqibinə niyə göndərib?
Olmazdımı ki, cütlük elə «Qəbələ»nin əsas komandasına xidmət eləsin? Axı «qırmızı-qaralar» düşərgəsində cəmi 6 legioner saxlayıb, üstünlük yerlilərə verilib.
Son bir neçə ildə böyük inkişaf yolu keçən «Qəbələ»nin akademiyasının 5-6 yetirməsi hazırda Sənan Qurbanovun sərəncamındadı. Rövlanla Hacıağa onların arasında yer ala bilməzdimi?
Sportinfo.az-ın sualına akademiyanın direktorunun ümavini Nail Kərimov belə cavab verib:
«Bilirsiz ki, klub olaraq I Divizionda oynamadıq. Biz də düşündük ki, bu gənclərin əsas komandada heyətə düşmələri çox çətindi, oyun praktikaları aşağı olacaq.
Ona görə də «Qarabağ»ın 1 illik icarə istəyinə müsbət yanaşdıq. Onlar həm də U-20 və U-21 millilərinin üzvləridi.
Daim yığmalarda oynayan uşaqlardı. Oyun praktikasından məhrum olmamaq üçün belə bir addım atdıq».

