“Bu gün heç kim "Kəpəz"in qarşısına Premyer Liqa vəzifəsi qoymayıb”

1 Sentyabr 2018 19:48 I Divizion 780
“Bu gün heç kim "Kəpəz"in qarşısına Premyer Liqa vəzifəsi qoymayıb”

Ötən mövsümün yekunlarına görə elita ilə vidalaşaraq birinci diviziona düşən “Kəpəz”in burda da işləri yaxşı getmir.

Sportinfo.az xəbər verir ki, mövsümlərarası fasilədə Etibar İbrahimovu baş məşqçi postuna gətirən rəhbərlik hələ ki nəticələrə görə sevinə bilmir.

Ölkənin ən köklü klublarından biri iki turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Uğursuz startın səbəbini bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “sarı-göylər”in çalışdırcısıyla danışmağı lazım bildik (Futbol+).

İlk iki turdan sonra “Kəpəz” turnir cədvəlini qapayır ki, bu da nə komandanın adına, nə də tarixi ənənəsinə yaraşır. Çempionata belə pis başlamağınızın səbəbini bilmək istərdik.
- İstənilən sahədə uğur qazanmaq üçün müəyyən zamana ehtiyac var. Bildiyiniz kimi, komandanın çempionata hazırlaşmaq üçün çox az vaxtı oldu. Cəmi 15 gün toplanış keçib, iki yoxlama görüşündə gücümüzü sınadıq. Heç şübhəsiz, sıfırdan yığılan komanda üçün bu çox az müddətdi. Buna baxmayaraq, düşünürəm ki, turdan-tura “Kəpəz” “artıracaq”, qələbələrlə azarkeşlərini sevindirəcək.

Çempionat ərəfəsində bildirmişdiz ki, heyəti formalaşdırmaq baxımından çətinliklə üzləşmisiz. Çatışmazlığı yoluna qoymağı bacardız?
- Bu gün düşərgədə yer alanların hamısı, demək olar ki, təcrübəsiz və ötən mövsüm oyun praktikası qazanmayan gənclərdi. Az qala hamısı ötən mövsüm “Kəpəz”in əvəzedici və U-19 komandasında ehtiyatda qalıblar. Büdcəmiz imkan vermir ki, kənardan oyunçu dəvət edək. Onu da bildirim ki, 1995-ci ildən bu yana ilk dəfə futbolçuların hamısı Gəncə futbolunun yetirmələridi. Etiraf etməliyəm ki, çətinliklərimiz var. Lakin həvəsdən düşmür, addım-addım olsa da, irəliləyişə nail olmağa çalışırıq. MOİK-lə oyunda uduzsaq da, düzgün yolda olduğumuzu gördüm. Sehrbaz deyiləm ki, 3-5 günə komandanı çempionata tam hazır vəziyyətə gətirim.

İki turda qapısında 5 qol görən komanda rəqibi bir dəfə də məyus edə bilməyib. Statistik göstəricilərdən belə qənaətə gəlmək olar ki, müdafiə etibarsız, hücum isə “dişsizdi”...
- Hücumçu problemi tək bizim klubun yox, deyərdim ki, Azərbaycan futbolunun ən böyük çatışmazlığıdı. “Kəpəz” də bu yöndə istisna deyil. Ancaq hər şeyi irəli xətdə yer alan oyunçuların üstünə də atmaq düzgün olmaz. Hücum müdafiədən başlayır. Qol vurmaq üçün bütün komanda səy göstərməlidi. Müdafiəmizin zəif olmasına gəlincə, ilk turda elə komanda ilə qarşılaşdıq ki, onun heyətində həm U-19-un, həm də U-21-in əsas futbolçuları cəmləşib. “Qarabağ-2”də müxtəlif yaş qrupu üzrə mililərin 7-8 oyunçusu çıxış edir. Yeni yaranan komanda üçün onlarla başabaş mübarizə aparmaq çox çətindi. Düşərgəmizdə yer alan təcrübəlilər belə 3-4 ay futboldan uzaq düşüblər. Komandanı fiziki cəhətdən hazırlamaq üçün xeyli əziyyət çəkməli olduq. Hələ də mən istədiyim səviyyəyə çatmamışıq.

Siz istədiyiniz səviyyəyə çatmaq üçün nə qədər vaxta ehtiyacınız var?
- Məncə, 7-8 turdan sonra daha güclü, qələbə üçün mübarizə apara biləcək kollektiv görə biləcəyik. MOİK-lə matçda artıq bunun işartıları görünürdü. Fasilədən istifadə edib “Neftçi-2” ilə qarşılaşmaya qədər səylə çalışıb, durumumuzu bir qədər də yükəltmək istəyirik.

Sizə elə gəlmir ki, 7-8 tur çox oldu. Bu oyunlarda itiriləcək xallar mövsümün sonunda premyer-liqaya yüksəlmək yönündə sizə çox lazım ola bilər.
- Bu gün heç kim qarşımıza elitaya yüksəlmək vəzifəsi qoymayıb. Belə hədəf üçün başqa şərtlər olmalı, komandaya daha səviyyəli oyunçular dəvət olunmalıdı. Bizim əsas məqsədimiz yerli gənc və yeniyetmə istedadları üzə çıxarmaq, əvvəlki illərdə olduğu kimi, onları Azərbaycan futboluna bəxş etməkdi. Bu yolda da maksimum güc sərf edəcəyik. Bu işlə paralel çalışacağıq ki, nəticələrimiz də ürəkaçan olsun, azarkeşlərimizi qələbələrlə sevindirək.

Hazırlıq dönəmini Şəmkir Olimpiya Kompleksinin meydanında keçirdiz. Bəs indi harda məşq edirsiz?
- Həftədə 1 və 2 dəfə öz meydanımızda məşq edirik. Qalan günlər isə yenə də Şəmkirə üz tuturuq. Ümid edirəm ki, tezliklə stadionun ərazisində salınması planlaşdırılan süni meydanımız hazır olacaq və komanda Gəncədən kənara çıxmayacaq.

RƏŞAD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti