Sportinfo.az-ın böir neçə həftə öncə verdiyi xəbər doğruldu - daha bir klub Divizionda iştirakdan imtina edib.
Söhbət “Binə”dən gedir.
Bu barədə klub prezidenti Teymur Həsənli açıqlama verib. Klub olaraq divizionda iştirakdan imtina etdiklərini söyləyən Həsənli bildirib ki, aşağı liqa ətrafında baş verənlər nə şəxsinə, nə də kluba yaraşan nəsnələrdi.
Klub prezidenti onu da əlavə edib ki, “Binə” başqa liqalar üzrə yarışa bilər. Həsənli onu da əlavə edib ki, bundan sonra daha çox aşağı yaş qruplarının inkişafına diqqət ayrılacaq.
“Binə” Divizionda ötən mövsüm debüt edib və mövsümü 7-ci pillədə başa vurub. Yeni mövsümdən isə Region Liqasında mübarizə aparmağı planlaşdırırlar.
Debüt sezonunda 300 min manata yaxın vəsait xərcləyən Həsənli komandasının adının danışılmış oyunlarda hallanmasının badına gedib. İstər qışadək, istər ondan sonra.
Söz-söhbətləri qızışdıran isə «Kəpəz»lə kubok matçı olub. Ötən ilin noyabrın 29-da Mərdəkandakı «Dalğa Arena»da üz-üzə gələn tərəflərin görüşündən Gəncə təmsilçisi qalib ayrılıb.
Qərblilər ikinci hissədə vurduğu 2 cavabsız qolla ¼ final mərhələsinə vəsiqə qazanıb. Qarşılaşmanın fasiləsində «Binə»nin paltardəyişmə otağında danışılanlar necə olubsa, AFFA-ya sızıb, ardınca hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
UEFA-dan gələn serkulyar məktublarda da bu komandanın adı dəfələrlə keçdiyi üçün Həsənli ağrımayan başına dəsmal bağlamalı olub. Hələ də «Binə»nin bəzi futbolçuları sorğu-sualdadı.
Digər tərəfdən isə gənc iş adamının infrastruktur layihələri reallaşmayıb. O, Binə stadionunu və yaxınlıqdakı ərazini klubun balansına keçirmək, burda yeni baza tikmək istəsə də, cəhdləri heç bir nəticə verməyib.

