Yeni mövsümdən I Divizionda çıxış edəcək “Kəpəz” hazırlığa start verib.
“Sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda olub.
Komandanın qarşıdakı 3 gün ərzində çalışmaları Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir.
Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından heyətdə sınaqdan keçirilən oyunçular da var. Qərblilər artıq əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb. Gəncə təmsilçisi əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.
"Kəpəz"in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri də müəyyənləşib. 41 yaşlı mütəxəssisə Orxan Verdiyev və Tariyel Hüseynov yardım edəcək. Sonuncu qapıçılarla işləyəcək.
Karyerası dövründə Gəncə klubunun şərəfini qorumuş Hüseynov “sarı-göylər” vaxtilə aşağı liqada çıxış edəndə də əsas komandada çalışıb. Son mövsümdə isə o, aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.
Orxan Verdiyevə gəlincə, baş məşqçinin tanıdığı və inandığı sima klub futbolunda ilk addımlarını atır. Yerli idman məktəbində 7 ildir çalışan Verdiyev Gəncə futbolunda perspektivli məşqçilər arasında göstərilir.
Orxanın çalışdırdığı 12 yaşlılardan ibarət “Azəri TİM” komandası Azərbaycan birinciliyinin gümüş mükafatçısı olub. U-10 və U-13 liqalarında çıxış etmiş komandalar isə medalın bir addımlığında dayanaraq 4-cü yeri tutublar.
"Kəpəz" artıq yerli İcra Hakimiyyətinin əlindən çıxıb və nəzarət paketi yenidən AFFA-ya keçib. Premyer Liqada yerini qoruya bilməyən klubla bağlı bütün qərarlar indilərdə yalnız Bakıdan verilir.
Büdcə isə 300 min manat civarındadı. Deyə bilərik ki, Elxan Məmmədov növbəti dəfə zəfər çaldı. Ona aidiyyatlı şəxslərin ötən ilin oktyabrında burdan uzaqlaşdırılması baş katibin mövqelərini xeyli laxlatmışdı.
Çünki söhbət maliyyə pozuntularından gedirdi və güman edilirdi ki, Məmmədov bu hadisədən bir daha özünə gəlməyəcək. Amma o, nəinki ö.zünə gəldi, hətta itirilmiş zonanı geri qaytardı.
Gəncə stadionu təmirə bağlanıb. Gəncədə baş verən son məlum olaylar arenanın yenidənqurulması prosesinə də mənfi təsir göstərib. Ola bilsin, təmir-tikinti sentyabradək başa çatdırılmasın. Mümkündü ki, komanda bir müddət ev oyunlarını Bakıda keçirsin.
Bu da hələlik bir variantdı və dəqiq deyil. konkret bilinən odu ki, "Kəpəz" təkrar baş katibə dönüb və AFFA-dan kluba yeni kadrların təyin edilməsi də gözləniləndi. Eləcə də Gəncənin 1 il sonra Premyer Liqaya dönməsi.
SPORTİNFO.AZ

