"Xan Lənkəran"ın I Divizionda oynama məsələsinə reaksiya vermək lazım oldu, çünki bu bir presedent rolunu oynaya bilər.
Əvvəla, Elxan Məmmədovun yeni yaranan klubların birbaşa I Diviziona buraxmamaq fikrinə müsbət yanaşmaq olar.
Çünki o liqa konkret mırta oynanılan bir turnirə çevrilib, top qovanlarının hər üçündən azı biri bukmeker kontorlarına "işləyir". Baş katibin bu bəlanın qarşısını almaq, öz diliylə desək, "viruslardan təmizləmək" istəyini alqışlamaq lazımdı...deyərdim, amma bu işin bir yox, iki əmması var.
Birincisi odu ki, I Divizion de-fakto da, de-yure də elə-belə çempionatdı. Qalibi az qala bir əsrdi Premyer-Liqaya yüksəlmir, lisenziya kimə verilsə, o yüksəlir. Bunun da ki, pərdə arxası, detallarını hamımız yaxşı bilirik.
Yəni çempionatda hansısa hədəf uğrunda mübarizə yoxdusa, val çönəcək kontor tərəfə. Ki, bunu da artıq təbii qəbul etmək lazımdı. Ya hədəf qoy, rəsmi bir cığır aç, ya da imkan ver klublar öz oyunlarını oynasınlar.
İkincisi, klubların maliyyə dayağının möhkəm, sabit, dayanıqlı olmasını yoxlamaq, əmin olmaq istəyiriksə, Regional Liqaya rəsmən 2-ci Divizion statusu verilməlidi. Yəni bu Liqada özünü göstərənlər (oxu - qaliblər, ya medalçılar) qeyd-şərtsiz, müzakirəsiz, lisenziya "prikolları" işə salınmadan I Diviziona buraxılmalıdılar.
Yalnız bu halda iş ciddi görkəm alacaq, Region Liqasında oynayanların da bəlli bir stimulu olacaq. Yoxsa, siz gedin orda 2-3 il oynayın, baxaq, görək necədi, sonra I Diviziona buraxarıq söhbəti boş söhbətdi. Futbol çempionatı gözəllik müsabiqəsi-zaddı, qərarı xoşuma gəlir-gəlmirlə verilsin?
Bu arada, ötən mövsüm Region Liqasını udan "Uğur" niyə yoxdu I Divizionda? Onların nəyi xoşunuza gəlməyib? Gül kimi uşaqlardı...
"Xan Lənkəran" layihəsinə əvvəldən də o qədər nikbin yanaşmasam da, ən azından vizual olaraq gördüklərimdən deyə bilərəm ki, bu klub I Divizionda oynayacaq komandalardan geri qalmaz, hətta çoxlarından daha ciddidi.
Üstəlik, keçmişdə kimsə "virus" olubsa, təzə gələnlərin hamsına ucdantutma virus adı qoymaq ən azından etik deyil. Üstəlik də, kimsə başqalarının keçmişdəki işlərinə görə başqa klubu yarışa buraxmaya bilməz.
Bunun nə məntiqi, nə də bir qanuni əsası var. Hansısa sənədi qaydasında deyil, nə bilim möhürü yoxdu və s. şeylərdisə, hə, bu ayrı məsələ.
Amma kiminsə keçmişini başqasının bugününə calamaq olmaz. "Xan Lənkəran" ən azı qanun baxımından I Divizionda oynamaq hüququna malikdi. Gerisi, sonranın söhbətidi
Kənan Məstəliyev

