Bugünlərdə "Xan Lənkəran" PFK-nın məşqçilər korpusunun təqdimatı keçirilib.
Əfqan Talıbov yeni yaradılan klubun baş məşqçisi təyin olunub - onunla müqavilənin müddəti 3 ildi.
Eyni zamanda lənkəranlı gənc məşqçilər Röyal Abbasov və Xəyal Abbasov məşqçilər korpusunda yer alıb.
Komandanın qapıçılarla işləyən məşqçisi isə Hamil Abdullayev olub. Bütün mütəxəssislərlə 3 illik müqavilə bağlanıb.
«Xan Lənkəran» növbəti mövsümdən I Divizionda çıxış etmək istəyir. Gələn həftəsonu komandanın məşqləri başlamalıdı. Hər halda Talıbovun planı belədi. O, seleksiya xarakterli çalışmalara Bakıda start verəcək. Düşərgədə yerlilərə yanaşı, bir sıra legionerlər də yer alacaq.
Fikirlər böyükdü. «Xan»ı ərsəyə gətirmək istəyində olanların məqsədinə çatıb-çatmayacağını isə gələcək göstərəcək. Böyük futbolu Lənkəranın timsalında cənub bölgəsinə qaytarmaq əla olardı. Aptıq 2 ildi bu zona top oyununa həsrət qalıb. Mübariz Mənsimovun «Xəzər Lənkəran»dan əlini çəkməsindən sonra «Fırtınalar meydanı» boşalıb, ondan əvvəlki 12 ildə yaradılmış infrastruktur tədricən yoxa çıxmaqdadı.
«Xan Lənkəran» yeni layihədi. İdeya olaraq ortaya qoyulan format da yenidi. Təbii, Azərbaycan üçün. Əslində isə bu, dünya praktikasından çoxdan istifadə olunur və geniş yayılıb.
Ölkəmizin futbol həyatının öz reallıqları var və ianə aksiyası təşkil etməklə, istənilən fərdin səhm almaqla klubun idarəçiliyində iştirakına inandırmaqla, həmçinin növbəti mərhələdə şirkətləri hüquqi şəxs qismində sponsorluğa cəlb eləməklə bu təşəbbüsü reallaşdırmaq nə dərəcədə realdı, mümkündü? İş gedir, addımlar atılır, təki davamı gəlsin, ictimaiyyət real nəsə görsün, əmin olsun ki, «Xan Lənkəran» perspektivsiz deyil.
Vaxtilə AFFA-nın baş katibi Elxan Məmmədov da bunaoxşar ideya ilə çıxış etmiş, bölgələrdə pilot layihə çərçivəsində yeni klubların yaradılmasına çalışmışdı. Həmin vaxt məsələ çox müzakirə olunsa da, bir müddət sonra gündəmdən düşdü və bir də xatırlanmadı.
Əgər ölkənin futbol təsərrüfatının bir nömrəli fiquru əlində səlahiyyət, imkan və əlaqələr olduğu halda, fikrini həyata keçirə bilmədisə, «Xan Lənkəran»ı hələlik kağız üzərində yaradanların qarşıdakı həftələrdə geri çəkiləcəyi, daha doğrusu, ruhdan düşəcəyi gözləniləndi.
Əlbəttə, biz istəməzdik belə olsun, çünki cənub bölgəsinin, orda yaşayan insanların futbola sevgisini görmüşük. Onlar futbolsevər olaraq ən gözəl sözlərə, tərifə layiqdilər. «Xəzər Lənkəran»ı «Xəzər Lənkəran» edən azarkeş ordusu olub və indi «Xan Lənkəan»ın təşviqçilərinin əsas dayağı da onlardı, onların dəstəyinə olan inamdı. Allah eləsin, yarıyolda qalmasınlar!
İdeyaya qarşı çıxanlar var və olacaq. Lənkəranlı ziyalılardan, veteranlardan ibarət Direktorlar Şurasının yaradılması ilə dağılması bir neçə gün içində baş verdi. Kənar təsir və təzyiqlərlə. Yerli rəsmi dairlər dəstək verməsə, «Xan»ın beşikdə boğulması daha realdı.
Lənkəran İcra Hakimiyyəti prosesdə iştirak etmir. İşin alınmasında maraqlı tərəf kimi görünmürlər. Baxmayaraq ki, artıq 50 min manatdan artıq ianə toplanıb, hələ ki, nə İH, nə də digər müvafiq instansiyalar yeni yaradılan kluba hansısa məsələdə yardımçı olmağa tələsmirlər.
AFFA-ya gəlincə, qurum hazırda müşahidəçi mövqeyindədi. Sakitcə oturub izləyirlər. «Xan Lənkəran» onlar üçün nə isə qəribə bir şeydi. Klubun yönəticilərinin təşkilatlanma və digər sahələr üzrə federasiya ilə məsləhətləşmədiyi birmənalıdı. Yoxsa Əfqan Talıbov ora təyinat almazdı.
2017-ci ilin martından, «Şərurspor»un I Diviziondan uzaqlaşdırılmasından bu tərəfə işsiz qalan, qəpik-quruş qarşılığında həvəskar səviyyəli şirkət komandalarının çempionatında görünən Talıbov yaxınlarda «Sumqayıt»a təyinat almalıydı. Daha doğrusu, Nazim Süleymanov yenicə sükanı arxasına keçdiyi «kimyaçılar»ın məşqçi korpusunda onu da görmək istəyirdi.
AFFA-dan gələn bir zənglə yolu bağlanan Talıbovu baş məşqçi təyin edən «Xan Lənkəran»lılar riskə yol verir. O, federasiya üçün «arzuolunmaz şəxs»di. Məşqçi karyerası ərzində sanballı bir klubda çalışmayan və heç bir uğuru, nəticəsi olmayan Talıbova görə cənub təmsilçisinin başı ağrıyacaq.
Onu burda düz, təmiz adam kimi tanımırlar. AFFA üstündən qara xətt çəkdiyi məşqçiyə görə heç bir məsələdə «Xan Lənkəran»a güzəştə getməyəcək, yardım əlini uzatmayacaq. Bəlkə də ona görə klubun I Divizionda iştirakını önləyəcəklər.
Söhbət rəsmi qadağadan getmir. Bəhmən Həsənova da, belə götürəndə, «kres» qoymayıblar. Hardadı indi o? Özü üçün gitara çalır, sosial şəbəkədə şəkil paylaşır. Adı danışılmış oyunlarda, «stavka» işində keçən digərləri kimi, Talıbovun da yaxın illərdə AFFA-nın «qara siyahısı»nı tərk etməsi ağlabatan deyil.
Deməli, «Xan Lənkəran»ın ideoloqları da ziyanın yarısından qayıtmalı, başqa məşqçi axtarıb tapmalıdı. Həlledici mərhələdə AFFA-nın «qırmızı işığ»ına düşüb, ofsaydda qalmamaq üçün.
VÜQAR

