«Klubumuz dağılmayacaq»- bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun baş məşqçisi Rüfət Quliyev deyib.
Ötən mövsümü 9-cu pillədə başa vuran I Divizion iştirakçısının fəaliyyətini dayandıracağı barədə xəbərləri doğrulamayan mütəxəssis yeni bir komanda qurduqlarını bildirib:
«Mən artıq sponsorlarla görüşüb danışmışamö. «AzQranata» şirkəti futboldan çəkilmir. Onlar mənim qarşıma konkrket məqsəd qoyub – gənc heyət formalaşdırmaq.
Bu məqsədlə ötənilki heyətdən 15 nəfəri artıq yola salmışam. Cəmi 5-6 futbolçu qalıb ordan. Qalanları Ağsunun öz yetirmələri olacaq.
Klubumuz ildən-ilə uşaq futboluna diqqəti artırır. Bir neçə aşağı yaş qrupu üzrə komandalarımız var. Altı ildi bu iş gedir, özüm də ilk gündən burdayam. Artıq həmin uşaqların 16-17 yaşları var.
Gələn mövsüm əsasən 2001-ci il təvəllüdlu gəncələrə üstünlük verəcəyik. Mənə o qəribə gəlir ki, niyə «Ağsu»nun dağılmasını gözləyirlər.
Büdcəmiz geniş olmasa da, klubun özünə görə məqsədi, strategiyası var. Düzdü, təcrübəsiz futbolçularla çalışmaq hamımıza çətin olacaq. Məndən tutmuş, ta klubda olan ən sıravi işçiyədək.
Amma bu uşaqların da artıq peşəkar futbolu görmək, anlamaq və oynamaq vaxtıdı. Kimsə onlara bu şansı verməlidi.
Keçən çempionat göstərdi ki, bir çox yaşlı futbolçular özlərini doğrultmur. Komandanı yeniləmək lazım idi, biz də bunu etdik».

