«Klubumuzun gələcəyi ilə qərarı qarşıdakı bir həftə ərzində verəcəyik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Binə»nin prezidenti Teymur Həsənli deyib.
Deyəsən, bu gedişlə gələn mövsüm I Divizionda çıxış etməyə klub tapılmayacaq. «Qaradağ Lökbatan, «Xəzər» və «Ağsu»dan sonra daha bir klubun «qara xəbər»i gəlib.
Bu, ötən sezon aşağı dəstədə iştirakı son anda dəqiqləşən «Binə»di. Klubun birinci şəxsinin bildirdiyinə görə, o, yaranmış vəziyyəti atasıyla müzakirə edəcək:
«Ağsaqalla məsləhətləşəcəm, nə desə, elə də olacaq. Bilirsiz, biz «Binə»ni böyük məqsədlər üçün yaratmışdıq. İldən-ilə inkişaf etmək istəyirdik.
Binə stadionu və ona yaxın əraziylə bağlı müəyyən planlarımız var idi. Fikrimiz bu idi ki, orda baza tikək, müəyyən layihələr həyata keçirək. Çünki klub da bir yerdən pul qazanmalıdı.
Balaca bir meydança üçün 1 ay getmədiyim yer qalmadı. Hansı qapını döydüm, mənə kömək etmədilər. Oranı klubun balansına keçirmək istəyirdim, imkan vermədilər. Tək bu deyil… Bir çocx səbəblər var.
Yəqin ki, gələn mövsüm divizionda çıxış etməyəcəyik. Ötən mövsüm 300 min manata yaxın pul xərclədim futbola. Kənardan heç bir dəstək görmədim. Amma adımıza yüz cür söz çıxartdılar.
Mətbuatın da bəzən «Binə»yə münasibəti arzu etdiyimiz səviyyədə olmadı. Bəzi mətbu orqanlar durmadan adımızı «stavka» ilə yanaşı hallandırdılar. Bunlar da bizləri ruhdan salır.
Mən belə işlərdən tamamilə uzaq insanam. Mənim komandamda hansı futbolçu o işlərlə məşğul olubsa, hamısını Allaha tapşırıram! Yenə də inanmıram ki, kimsə bu cür çirkin əməllərə girişib.
Futboldu bu, bəzən hansısa oyunda şübhəli epizodlar vurur. Biz özümüz həmişə belə şeylərə qarşı AFFA və PFL ilə birgə mübarizə aparmışıq. Nə vaxt şübhələndiyimiz məqam olub, onlarla bölüşmüşük.
Heç kimdən gizli işimiz yoxdu, ola da bilməz. Ona görə ki, mən futbola başqa niyyətlə gəlməmişəm və imkan vermərəm ki, futbola görə adımıza söz gəlsin. Qış fasiləsinə ikinci yerdə yollanan komandamız mövsümü 7-ci başa vurur. İstər-istəməz bu da təsir edir bizə.
Maliyyə ayır, əziyyət çək komanda qur, sonra da belə… Mən bunda baş məşqçimizi günahkar görmürəm. İsmayıl Əliyev komandanı yeni ildən sonra götürdü. Yaxşı insan və məşqçidi. Özü binəlidi, «Binə»ni də sevəndi. Çempionu qışdan sonra udan yeganə baş məşqçidi.
Əliyevi baş məşqçi təyin etdiyimə görə bəzi adamlardan irad eşitməmişəm, amma bu gün də fikirləşirəm ki, burda onluq heç nə yoxdu. Heyəti özü yığmamışdı, divizionda işləməmişdi. «Binə»nin Premyer Liqada çıxış etməyəcəyi bilinəndən sonra bir çox futbolçular ruhdan düşdü, bəzisi özünü zədədən qorudu, bəzisi həqiqətən travma aldı.
Futbol gözəl oyundu. Ancaq içinə girəndə görürsən ki, kənarlan göründüyü qədər gözəl deyil. Burda o qədər hadisələr baş verir, elə şeylər görürsən ki…
Mən futboladək bilməmişəm ki, xəstəlik nə olan şeydi. Bu 1 ilin içində ürəyim 3 dəfə tutub. Mənə belə futbol lazımdı? Həm pul xərcləyim, həm də xəstəlik tapım?
Demirəm ki, «Binə» fəaliyyətini dayandıracaq. Region Liqasında çıxış edərik. Daha əvvəlki kimi yüksəködənişli futbolçularımız olmayacaq. Aşağı büdcəylə klubu yaşadacağıq. Ancaq biləcəyik ki, başımız dincdi, əsəb yaşamayacağıq, sakit futbolumuzu oynayacağıq.
Peşəkar klub saxlamaq üçün mütləq başqa təşkilatlar, orqanlar da kömək edə. Tək bir şəxs üçün bunlar çox çətindi. Bizə şərait yaradılmalıdı ki, infrastruktur quraq, klubu yaşadaq».

