I Divizionda növbəti baş məşqçi istefası qeydə alınıb.
Sportinfo.az-ın məlumatına görə, «Binə»nin ardınca MOİK də sükançısını itirib.
Mehman Babayev «Binə»dən sonra «Neftçi»yə pənah aparıbsa, Aqil Məmmədov yenə işsiz qalıb. Ötən mövsümü «Mil-Muğan»da keçirən və gördüyü işlərlə göz dolduran gənc mütəxəssisin MOİK-dən getiəsi rəhbərliklə yaşadığı problemdən irəli gəlir.
Sezonun əvvəlində vəzifə başına keçən Məmmədovun çalışmasına klubun rəisi Rəşad Quliyev imkan verməyib. Vitse-prezident Ramil Əliyevlə birgə.
Son turlarda ard-arda məğlub olan komanda lider “Qaradağ Lökbatan”dan uzaq düşməklə yanaşı, ikinci pillədəki mövqeyini əldən verməklə yadda qaldı.
Uğursuzluğun səbəbini futbolçularda görən klub rəhbərliyi fasilə başlar-başlamaz üç futbolçunu – Qərib İbrahimov, Bilal Abbaszadə və Tofiq Mikayılovu komandadan uzaqlaşdırmaq qərarına gəlib.
İşinə müdaxilədən bezən Aqil bəy çox fikirləşmədən MOİK-i tərk edib. Belə olacağını gözləməyə dəyərdi. Çünki o, bugünlərdə verdiyi açıqlamada rəhbərlikdən şikayətini açıq-açığına dilə gətirmişdi:
“Bu 3 futbolçu mənim yox, sırf rəhbərliyin qərarı ilə düşərgədən uzaqlaşdırılıb. Odu ki, bu məsələ ilə bağlı rəhbərliyin fikrini öyrənin.
O ki qaldı komandanın qış hazırlıq planına, klubda qalıb-qalmayacağım məlum deyil. Bildiyiniz kimi, futbolçu kimi uzun illər ölkənin aparıcı klublarının şərəfini qorumuşam, sayılıb-seçilən məşqçilərin rəhbərliyi altında top qovmuşam.
Məşqçi kimi həm premyer-liqada, həm də birinci divizionda iş təcrübəm var. Hələ bu günə kimi belə halla rastlaşmamışam ki, rəhbərlik baş məşqçinin rəyini nəzərə almadan kimlərisə komandadan uzaqlaşdırsın”.

