Premyer Liqada olduğu kimi, birinci dəstədə də qış fasiləsi başlayıb.
Çempionatda yaranan fasilə isə baş məşqçilər üçün əla fürsətdi. Təxminən iki aya yaxın davam edəcək boşluqdan istifadə edən sükan arxasında olanlar rəhbərlik etdikləri komandaların axsayan mövqelərini gücləndirmək, fasilədən sonra daha güclü kollektiv formalaşdırmaq üçün heyətə əl gəzdirməyi düşünürlər.
Necə ki bunu MOİK edir. Çempionatın startı ərəfəsində əksər mütəxəssislər “hərbçilər”i birinci divizionda favoriti görürdü. Hamıya məlumdu ki, 2018-ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illiyi qeyd olunacaq.
MOİK rəhbərliyi də yubiley ilində komandanın qarşısına çempionluq hədəfi qoyub. İlk turlarda Ramil Əliyevin rəhbərliyi altında mübarizə aparan “hərbçilər” istənilən nəticəni əldə etməyincə, ordu klubunun rəhbərliyi onu Aqil Məmmədovla əvəzləməyı qərara aldı.
Dəyişiklik etməkdə əsas məqsəd komandanı yeni səviyyəyə çatdırmaq, liderlər qrupunda yer almaq idi. İlk vaxtlar komanda Aqil bəyin rəhbərliyi altında uğurlu nəticələrə imza atsa da, sonradan vəziyyət dəyişdi.
Son turlarda ard-arda məğlub olan komanda lider “Qaradağ Lökbatan”dan uzaq düşməklə yanaşı, ikinci pillədəki mövqeyini əldən verməklə yadda qaldı. Uğursuzluğun səbəbini futbolçularda görən klub rəhbərliyi fasilə başlar-başlamaz üç futbolçunu – Qərib İbrahimov, Bilal Abbaszadə və Tofiq Mikayılovu komandadan uzaqlaşdırmaq qərarına gəlib.
Adını çəkdiklərimizlə artıq yollar ayrılıb. Fasilə dönəmində “hərbçilər”in heyətinə yeni futbolçuların cəlb olunacağı gözlənilir. Qarşısına çempionluq hədəfi qoyulan komandada başverənlər və fasilə dönəmindəki hazırlıq planı ilə bağlı ətraflı bilgi almaq üçün “hərbçilər”in baş məşqçisi Aqil Məmmədovla əlaqə saxladıq.
Ancaq Məmmədovdan eşitdiklərimiz bizi şoka saldı (Futbol+): “Adını qeyd etdiyiniz üç futbolçu mənim yox, sırf rəhbərliyin qərarı ilə düşərgədən uzaqlaşdırılıb. Odu ki, bu məsələ ilə bağlı rəhbərliyin fikrini öyrənin.
O ki qaldı komandanın qış hazırlıq planına, klubda qalıb-qalmayacağım məlum deyil. Bildiyiniz kimi, futbolçu kimi uzun illər ölkənin aparıcı klublarının şərəfini qorumuşam, sayılıb-seçilən məşqçilərin rəhbərliyi altında top qovmuşam.
Məşqçi kimi həm premyer-liqada, həm də birinci divizionda iş təcrübəm var. Hələ bu günə kimi belə halla rastlaşmamışam ki, rəhbərlik baş məşqçinin rəyini nəzərə almadan kimlərisə komandadan uzaqlaşdırsın”.

