«Mən həqiqətən də tutduğum vəzifədən getmək fikrindəyəm. Bugünlərdə AFFA-nın baş ktibi Elxan Məmmədovla görüşüb, niyyətimi də ona bildirmişəm» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.
I Divizionda mübarizə aparan klubun rəhbəri qeyd edib ki, 3 ilə yaxındı icra etdiyi postdan ayrılmaq istəməsinin konkret səbəbləri var.
Dəyərli funksioner "Zaqatala"nın maddi cəhətdən ciddi çətinliklərlə üzləşməsini və qarşılarına məqsəd qoyulmasını əsas gətirib:
«Yayda qərara gəldik ki, komandanı yenidən formalaşdıraq və ancaq yerli uşaqlara üstünlük verək. Onların da əksəriyyəti gənc və təcrübəsizdi. İndi görürük ki, bu uşaqlar hələ birinci divizionda oynamağa da hazır deyil.
Gərək büdcə olsun ki, hərəkət edə biləsən, kənardat futbolçular gətirəsən. Buna da büdcə imkan vermir. Əvvəl kluba nə qədər vəsait ayrılırdısa, həmin məbləğ bu gün də olduğu kimi qalıb. Xərclər isə çox artıb.
Bakıdan Zaqatalaya futbolçu aparıb saxlamaq aşağı məbləğə başa gəlmir. Bakı klublarının təklif etdiyi maaşdan azı 200-300 manat çox verəsən. Həmin futbolçu Bakıda 700 manat qazanırsa, bizdə 1000-dən aşağı maşa oynamayacaq. Hələ onun qidalanması… Bir nəfərin aylıq yemək xərci 300-400 manat çıxır.
Bütün bunları hesablayanda, görürsən ki, Bakıdan, başqa yerlərdən ləvət olunan futbolçuya görə ayda 1500 manat xərcin çıxır. Forma və bəzi təşkilati işlərə sərf olunan məbləği saymasaq, AFFA-dan komandanın özünə 22-23 min manat qalır.
Komandanı gücləndirmək üçün kənardan 10 futbolçu gətirsək, gərək həmin 22-23 minin 15 minini onlara verək. Axı «Zaqatala» yalnız futbolçulardan ibarət deyil. Bizim içlərində 7-8 uşaq məşqçisi olmaqla, 13 klub işçimiz var. Onlara da əməkhaqqı ödənilir.
Düzdü, bizdən tələb etmirlər ki, çempionatda yer üçün mübarizə apar. Yeganə fikir zaqatalalı uşaqları qabağa çəkməkdi. Tək onlarla da komandanı düzəltmək mümkün deyil. Bəli, yaxşı başa düşürəm ki, mənim gedişim «Zaqatala» üçün çıxış yolu deyil. Mən vəziyyəti, ümumiyyətlə, hər şeyi çox götür-qoy edəndən sonra bu qərara gəlmişəm.
Qıraqdan baxanlar «Zaqatala»nın içərisini, vəziyyətini bilmir axı. Baxırlar komandaya, turnir cədvəlinə, öz-özlərinə deyirlər ki, Musaya bax, iş görə bilmir. Daha orasını deyən yoxdu ki, biz burda nə əziyyət çəkirik, Mən ciddi məqsədi olmayan yerdə qalıb işləmək istəmirəm.
Elxan Məmmədovla görüşdə bu haqda geniş söhbət etdik, vəziyyəti ona danışdım. Əvvəl-əvvəl getməyimlə qətiyyən razılaşmaq istəmirdi. Axırda dedi ki, ilin sonunadək qal, biz sonra sizə cavabımızı deyərik. Elxan müəllim özü də dedi ki, «Zaqatala»dan getmək istəməyiniz bizim üçün çox gözlənilməz oldu, o yerə başqa bir namizəd düşünmürük.
Baş katibin son sözü bu oldu ki, AFFA prezidenti Rövnəq Abdullayevlə bu haqda danışacaq. Çünki özü də dedi ki, mən bu məsələdə təkbaşına qərar verə bilmərəm, Rövnəq müəllimlə məsləhətləşməliyəm. Bu gün «Zaqatala»da mən olmayım, bir başqası olsun – maliyyə çatışmazlığı aradan qalxmasa, vəziyyət dəyişməyəcək.
Mən biznesmen və ya oliqarx deyiləm, böyük gəlirim yoxdu ki, klubun problemlərini həll edim. Düzdü, əlimizdən gələni əsirgəmirik, bir çox hallarda öz cibimizin pulunu da kluba xərcələyirik, amma bunlar yenə kifayət etmir.
Elxan müəllimlə görüşdə «Zaqatala»nın gələn mövsüm Premyer Liqaya buraxılmasından söhbət düşmədi. Yeni sponsorların tapılmasından da ciddi heç nə danışmadıq. Mən indi AFFA-dan gələcək cavabı gözləyirəm.
Büdcə artırılsa, qarşıya məqsəd qoyulsa, «Zaqatala»nı güclü komanda edərik. Nə çətin işdi ki? Nə vaxtdı futbolun içindəyik, bütün futbolçuları yaxşı tanıyırıq».

