"Keşlə"dən qovulan Zaur Svanadze "Sabah"a can atır

12 Dekabr 2017 15:00 I Divizion 1 007
"Keşlə"dən qovulan Zaur Svanadze "Sabah"a can atır

I Divizionda debüt edən «Sabah» qış fasiləsinə 15 xalla yollandı. Yeni sezonun startına az qalmış yığılan komanda 13 turdan sonra 9-c pillədə yer alıb.

Əlbəttə, heç kimə lazım olmayan, küçədə qalan futbolçuları düşərgəyə cəlb etmək məcburiyyətində qalan Arif Əsədovu bu nəticələrə görə qınamaq olmaz.

O, karyerası ərzində ilk dəfədi aşağı liqada işləyir və «Sabah» rəhbərliyi sevinməlidi ki, Əsədov bu vəziyyətdə arxasını çevirib getmir.

Hərçənd kənardan hər şey heç də belə görünmür. Bugünlərdə vergilər naziri təyin olunan Mikayıl Cabbarovun «Sabah»ın yaradıcısı qismində çıxış etməsi bir çoxlarında elə təəssürat yaradıb ki, bu klub pula pul demir, ləl-cəvahirat içində üzür.

Əslində isə Əsədovun hansı minimum şərtlər daxilində fəaliyyət göstərməsi bir özünə, bir də onunla bərabər çalışanlara məlumdu.

Amma yerinə göz dikənlər az deyil. Sayları günbəgün artmaqdadı. 19 yaşlılardan ibarət millidən qovulandan bəri nəfsini «Sabah»a salan Təbriz Həsənov hər vasitəyə əl atır ki, bu arzusunu reallaşdırsın.

O, bu işdə yaxın qohumu, «Vətən»də yumurtadan yun qırxan, onun maaş kartını cibində gəzdirən Mustafa Həsənovun dəstəyinə və saman altından su yeritmək bacarığına arxalanır.

«Sabah» rəhbərliyinə yol tapanlardan biri də Zaur Svanadzedi. Yaxınlarda «İnter»dən uzaqlaşdırılan və sonrakı günlərdə barəsində olduqca ilginc iddialar yayılan gürcüstanlı mütəxəssisin bir ayağını artıq «Sabah»ın kandarından içəri basdığını deyə bilərik. Nazirin Balaş adlı yaxın qohumunun vasitəsilə.

Ölkəsində özünə ümumiyyətlə iş tapacağına ümid etməyən, gözü hələ də Azərbaycanda qalan, «İnter»də qazandığı böyük pulların iyini unuta bilməyən Svanadzeyə müəyyən vədlər verilib. Onun görüş üçün bugünlərdə Bakıya gizli səfər etməsi barədə də məlumatlar var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti