MOİK-də çoxdan gözlənilən dəyişiklik reallaşmaq üzrədi. I Divizion klubu tezliklə yeni baş məşqçiyə tapşırılır
Ramil Əliyev gələn həftədən “hərbçilər”in sükanı arxasında olmayacaq. İstefa verən, amma sonradan geri qaytarılan məşqçi indi birdəfəlik yola salınır.
MOİK-i bundan sonra Aqil Məmmədov çalışdıracaq. Ötən mövsüm “Mil-Muğan”da işləmiş məşqçi “hərbçilər”lə ortaq məxrəcə gəlib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin sayəsində.
Oyun "alver"inə görə İmişli klubundan ayrılan sumqayıtlı mütəxəssis son olaraq "Göyçə"də görünüb. Lakin AFFA-nın yaratdığı araşdırma komissiyası debütantı aşağı diviziona buraxmadığından, o, burda cəmi bir neçə gün qaldı.
Ramil Əliyevin postundan ayrılmasının səbəblərinə gəlincə, gənc çalışdırıcı rəhbərliklə münasibətlərini pozub.
"Turan Tovuz"u kubok mücadiləsində üstələdikləri oyundan sonra istefa ərizəsi yazan Əliyevin yönətimin işinə müdaxiləsindən narazı qaldığı bildirilir. Çempionatın son 2 turunda texniki zonada əyləşmək məcburiyyətində qalan Ramil bəy məşq proseslərini kənardan izləyib.
İdarəçiləri baş məşqçiylə üz-üzə gətirən bəzi futbolçuların qeyri-leqal bukmeyker kontorları ilə "işbirliyi" qurması barədə aldıqları informasiyadı. Rəhbərlik həmin oyunçuları ondan xəbərsiz düşərgədən uzaqlaşdırmaq istəyincə, ara dəyib.
SPORTİNFO.AZ

