MOİK-in baş məşqçisi Ramil Əliyevin istefası səbəbsiz deyilmiş. Klubdaxili problemlər üzündən çalışdırıcı komanda ilə yollarını vaxtından əvvəl ayırıb.
Sportinfo.az xəbər verir ki, “hərbçilər”in mövsümə startını uğurlu saymaq olar. I divizionda ilk turu “Qaradağ Lökbatan”a 0:1 hesablı məğlubiyyətlə başa vurmasına baxmayaraq, MOİK ardınca səfərdə qələbə qazandı.
Zaqatalada 3:1 hesabına sevinən komanda kubokda da uğur əldə etdi. Ötən mövsümün çempionu “Turan Tovuz”u yenib, 1/8 finala yüksələn komandanın nəticəsi qənaətbəxş idi.
Lakin elə hər şey kubok oyunundan sonra baş verdi. Rəhbərliklə münasibətləri pisləşən Əliyev istefa ərizəsini yazdı.
Həm Ramil bəy, həm də klub rəhbərliyi vidanın səbəbini açıqlamır. Amma bildiyimizə görə, klubun maliyyə öhdəliklərini yerinə yetirməməsi, üstəlik, rəhbərliyin məşqçinin işinə müdaxiləsi Əliyevin istefasına səbəb olub.
Maliyyə baxımından klubda vəziyyət o qədər acınacaqlıdı ki, futbolçular məşqə çıxmaqdan boyun qaçırır. Onlar son 2 gündə ümumiyyətlə, hazırlıq keçməyiblər və sabah “Şüvəlana qarşı oynamaları da sual altındadı.
Deyilənlər doğrudusa və həqiqətən də klubda maliyyə problemi varsa, bu, ciddi fəsadlara səbəb olacaq. Çempionatın startındaca işlərin düyünə düşməsi AFFA-nı çətin vəziyyətdə qoyacaq.
Maraqlıdı, assosiasiya lisenziya tələblərini sərtləşdirərək klublardan bank zəmanəti aldığını açıqlamışdı. Görəsən, MOİK mübarizədən çəkilsə, AFFA onları həmin zəmanət məktubu sayəsində vəziyyətdən çıxara biləcəkmi?
Bu məsələdə klub da hiyləgər addım atıb. Bildiyimizə görə, maliyyə çətinlikləri ilə bağlı görüntü süni şəkildə yaradılır. Əksər futbolçuların hərbi xidmət problemi bu klubun sayəsində yoluna qoyulur (futbolinfo.az).
İndidən problemləri büruzə verməklə klub rəhbərliyi AFFA-nın onlara da maliyyə yardımı ayırmasını istəyir. Assosiasiya bundan boyun qaçırsa, həm bank zəmanəti ilə bağlı yalan ortaya çıxacaq, həm də Müdafiə Nazirliyi əsgərlik yaşı çatan futbolçularla bağlı ciddi əngəllər yaradacaq. Bu səbəbdən AFFA kluba dəstək verməyə məhkumdu.

