Mirkamil Həşimi – 21 yaş (Şüvəlan) – Vaxtilə “Fənərbağça”da oynayan futbolçu gələcəyin ulduzları arasında göstərilirdi. Müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış etmiş yarımmüdafiəçi ötən il Türkiyə mətbuatının gündəminə “Rəvan”da ilinə 6 min dollar maaş alması ilə düşmüşdü.
Vadim Abdullayev – 22 yaş (Şüvəlan) – “Bakı”nın yetirməsi artıq iki ildir ki, I divizionda çıxış edir. 2015-ci ildə “Qəbələ” bu futbolçunu “Simurq”dan transfer edərkən, bir çox komandaları qabaqlamışdı.
Nuqzar Kvirtiya – 33 yaş (Şüvəlan) – Dörd il AZAL-da oynamış futbolçunun geniş təqdimata ehtiyacı yoxdur. Kvirtiya 2012/2013-cü illər mövsümündə “Turan”da 8 oyun keçirməyə də imkan tapıb.
Əziz Quliyev – 30 yaş (Şüvəlan) – Bir vaxtlar “Neftçi”də əsas heyət oyunçusu olmuş futbolçu yeni mövsümü I divizionda keçirəcək. “Alaniya”nın yetirməsi olan Əzizi vaxtilə milli komandamıza Nazim Süleymanov təklif edib.
Ruslan Poladov – 37 yaş (Qaradağ – Lökbatan) – Vaxtilə “Xəzər-Lənkəran”, “Simurq”, “Sumqayıt”, “Zirə” kimi klublarda oynamış yarımmüdafiəçi karyerasının son illərini I dvizionda keçirir. Poladov 2005-ci ildə Dünya çempionatının seçmə mərhələsində Uelsə matçda millimizin formasını geyinib. Ruslan qapıçı Elşən Poladovun qardaşıdır.
Nakim Vəliyev – 28 yaş (Qaradağ-Lökbatan) – Nakimin 17 yaşında legioner həyatı yaşadığını bilirdiz? O, 2002-ci ildə Moldovanın “Zimbru” klubuna yollanmışdı. Bir vaxtlar 19 yaşlılardan ibarət milli komandamızın kapitanı olmuş futbolçu bir neçə ildir ki, I dəstədə oynayır. O, artıq fəaliyyət göstərməyən “Neftçala”nın kapitanı olub.
Ayaz Mehdiyev – 24 yaş (MOİK) – “Qarabağ”ın yetirməsi olan müdafiəçi ötən mövsüm “Sumqayı”ın əsas heyət oyunçusu sayılırdı. O, “Zirə” ilə matçda penaltiyə səbəb olaraq komandasının Avropa Liqasından kənarda qalmasının günahkarı sayıldı və baş məşqçi Samir Abasov onunla yolları ayırmağı qərara aldı.
Ruslan Nəsirli – 22 yaş (MOİK) – 21 yaşlılardan ibarət milli komandamızın sabiq futbolçusunun AZAL-dakı oyununu yəqin ki, yaxşı xatırlayırsınız. MOİK-in uğurları üçün çalışacaq futbolçu bir neçə il öncə “Trabzonspor”da baxışda olub.
İlqar Ələkbərov – 24 yaş (Sabah) – Kaxaber Tsxadadze bir ara ona “İnter”də əsas heyətdə şans verirdi. Ələkbərov AZAL dağılana qədər bu komandanın heyətində idi. Dayaq yarımmüdafiəçisi yeni mövsümü I divizionun debütantında keçirəcək.
Ruslan Tağızadə - 24 yaş (Turan Tovuz) – Vaxtilə “Qəbələ” bu futbolçunu AZAL-dan böyük ümidlərlə transfer etmişdi. Amma əyalət klubu qısa vaxtdan sonra Tağızadə ilə yollarını ayırdı. “Rəvan”, “Sumqayıt” və “Səbail”də də oynamış futbolçu yeni mövsümdə Tovuz klubunun şərəfini qoruyacaq.
Hacı Əhmədov – 24 yaş (Zaqatala) – Bir vaxtlar “Qarabağ”da Qurban Qurbanovun güvəndiyi futbolçulardan olan Hacı indi I dəstədə çıxış edir. O, elitada son olaraq AZAL-ın formasını geyinib.
Amil Ağacanov – 34 yaş (Binə) – Təcrübəli qolkiper güclülər dəstəsində AZAL, “Simurq” kimi klublarda çıxış edib. İllər öncə 21 yaşlılardan ibarət milli komandamızın qapısını qoruyub.
Emin Cəfərquliyev – 27 yaş (Binə) – “Neftçi”nin sabiq futbolçusu yeni mövsümü I divizionda keçirəcək. İngilis dilində yaxşı danışması ilə seçilən müdafiəçinin son komandası AZAL olub.
Bəxtiyar Soltanov – 28 yaş (Binə) – “Bakı”nın yaxşı vaxtlarında Sultanov komandanın aparıcı futbolçusu sayılırdı. Hücumçu bir müddət “Qəbələ”də oynadı. Amma Roman Qriqorçuk onu komandasında çox saxlamadı. Soltanov “Kəpəz”, “Qarabağ”, “Araz” (Naxçıvan) kimi klubların da formasını geyinib.
Elnur Məmmədli

