"AFFA və PFL bu mövsüm çempionatda 10 komandanın çıxış etməsinə imkan verib. Son vaxtlar danışılmış oyunlarla bağlı çox sözlər deyilir. Mən kiminsə babalını yuya bilmərəm, ancaq kimlər bu işlərlə məşğul olubsa, bir gün Allahı qarşısında cavab verəcək".
I Divizionda debüt edən "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev Sportinfo.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, oyun "alver"inə gedən futbolçuları tanımır: "Mən belələrini başa düşə bilmirəm. Oyun satan komanda yoldaşlarının halal çörək qazanmasına mane olur. Bunu edən mütləq cəzasını çəkəcək.
Açığı, mən o futbolçuları tanımıram, bilmirəm kimlərdi. Heç bilmək də istəmirəm. AFFA-nın əlində fakt varsa, qoy, ən ağır cəzanı versinlər! Çempionat təmiz keçməlidi. Mən öz komandama cavabdehəm və bilirəm ki, hər bir futbolçum nə edir, nə iş görür. Çünki mən onlara nəzarət edirəm, hər hərəkətlərinə fikir verirəm.
"Şüvəlan"ın futbolçusu örnək olmalıdı. Mən icazə vermərəm ki, hansısa futbolçum hakimlə mübahisə etsin, ona təhqiramiz ifadələr işlətsin. Hamımız hakimlərə hörmətlə yanaşmalıyıq. Onlara qarşı həddini aşan futbolçuya ən ağır cəzanı verəcəm.
Biz məşqçilər, futbolçular da səhvə yol veririk. Buna görə bizə ağır söz deyən olmursa, biz də hakimləri başa düşməliyik. Səhv varsa, bunun qərəzli olmasını fikirləşməməliyik. Nə mən, nə köməkçilərim, nə də futbolçularımı hakimlərlə problem yaşayan görəcəksiz".

