"Maliyyə problemi çəkmirik, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik"

2 Oktyabr 2017 14:46 I Divizion 1 022
"Maliyyə problemi çəkmirik, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik"

"Rəhbərlik bizdən çempionluq tələb etmir. Amma başa düşürük ki, belə şəraiti olan komanda yüksək yerlər uğrunda mübarizə aparmalıdı" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şüvəlan"ın baş məşqçisi Aqil nəbiyev deyib.

Bu gün I Divizionda yeni mövsümə start veriləcək. AZAL-ın bazasında yaradılan "Şüvəlan" ilk turda "Turan"ın qonağı olacaq. Bu matç Nəbiyev üçün ikiqat əhəmiyyətlidi.

Onun rəsmi debütü vaxtilə formasını geyindiyi Tovuz klubuna qarşı təsadüf edəcək. Həmçinin o da maraqlıdı ki, Aqil bəy ötən mövsümün birinci yarısını burda Əsgər Abdullayevə köməkçi olaraq keçirib.

Gənc mütəxəssis "Şüvəlan"ın prespektivi barədə danışaraq, güclü komanda yaratmağa çalışdıqlarını bildirib: "Mənim üçün əsas nizam-intizamdı. İlk gündən buna fikir vermişəm və həmişə belə olacam. Özlərinə demişəm, futbolçunun adı mənim üçün rol oynamır.

Özünü yaxşı futbolçu sayan kəs bunu meydanda və ondan kənarda da göstərməlidi. O. canla-başla məşq etməyəcəksə, oyunu və davranışı ilə komandaya örnək olmayacaqsa, mənə lazım deyil. Bir neçə nəfəri bu üzdən düşərgədə saxlamamışam.

Mənim üçün futbolçunun keçmişi və komandaya can yandırması vacibdi. Şükür Allaha, yığdığımız heyətdən razıyam. Premyer Liqa təcrübəsi görmüş uşaqlarla bərabər, cavanlarımız da çoxdu.

"Şüvəlan"da olan şərait heç Premyer Liqanın çox klubunda yoxdu. Məşq meydançamız, qalmağa yerimiz, yeməyimiz, 2 avtobusumuz - bir sözlə, hər şey var. Futbol belədi: güclü futbolçular yığa bilərsən, şəraitin yoxdusa, nəticə qazanmaq çox çətindi.

Klubun birinci şəraiti olmalıdı. Mən futbolçularla söhbətdə də tez-tez təkrar edirəm ki, sizə yaradılan şəraitin qarşılığını verməlisiz. Rəhbərlik sağ olsun, komanda lazımı diqqət və qayğını göstərir. Maliyyə problemi çəkmirik. İnşallah, bu mövsüm medallar uğrunda mübarizə aparıb, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik.

Çempionat çətin keçəcək. Komandaların hamısı güclüdü, heç birinə fərq qoymuruq. Biz hər tur çıxıb öz oyunumuz göstərməyə çalışacağıq, başqa şeylərə fikir verməyəcəyik. İndi "Şüvəlan"ın formasını geyinən hər bir futbolçudan arxayınam, bilirəm ki, onllar əllərindən gələni edəcək. Çünki Premyer Liqaya çıxsaq, özlərini yaxşı tərəfdən göstərənlərin hamısını saxlayacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti