AFFA və Peşəkar Futbol Liqasının birgə yaratdığı komissiya tərəfindən I Diviziona buraxılmayan "Energetik" və "Göyəzən" həvəskarlar liqasında mübarizə aparacaq.
Bu barədə məlumatı Sportinfo.az-a Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının baş katibi Füzuli Nəcəfov verib.
Onun sözlərinə görə, Mingəçevir və Qazax klubu iştirakla bağlı quruma müraciət edib. Aşağı dəstədən kənarlaşdırılan "Şahdağ", "Bakılı", "Karvan" və "Göyçə"yə gəlincə, baş katib bildirib ki, onlarla hansısa formada təmas yaradılmayıb.
Gələn ay növbəti çempionatın startını verəcəklərini söyləyən F.Nəcəfov qeyd edib ki, iştirakçıların sayının 40-dan artıq olacağı gözlənilir: "İstəyrik ki, bütün regionlar həvəskarlar liqasında təmsil olunsun. İştirak etmək istəyən çoxdu.
Hər gün müxtəlif klublardan zəng vurub maraqlanırlar. Mətbuat gərək həvəskarların futboluna diqqət ayırsın. Çünki sizlərdən çox şey asılıdı. Bir çox klublar elə bilmişdi ki, Azərbaycan daha UEFA Regional Kubokuna buraıxlmır. Ruhdan düşmüşdülər. Həqiqəti biləndən sonra hamı sakitləşdi".

