“Komandaya nəzarət edə bilmirsə, oyunun satıldığını hiss etmirsə, niyə oturur orada?”

19 Fevral 20:00 I Divizion 1 123
“Komandaya nəzarət edə bilmirsə, oyunun satıldığını hiss etmirsə, niyə oturur orada?”

Yaydan bu yana gündəmi zəbt edən “İrəvan” yenə diqqətləri üzərinə çəkməyi bacarıb.

Birinci Liqa təmsilçisi çempionatın gedişində futbolçuların maaşlarını verə bilmirdisə, indi də bəzi oyunçuların adları oyun alğı-satqısında hallanır.

Əldə etdiyimiz bilgiyə görə, əməldə şübhəli bilinən bir neçə nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar dindiriləndən sonra sərbəst buraxılıb. Hər halda bizdə olan məlumat budur.

Yayda “İrəvan” rəhbərliyində yer alan, klubda vitse-prezident postunu tutan, lakin çox keçmədən işindən ayrılan Alı Alıyev mətbuatda oxuduğu xəbərə Sportinfo.az vasitəsi ilə reaksiya verib:

“Xəbəri saytlarda oxudum. Hazırda klubda çalışmıram deyə, dəqiq fikir bildirə bilmərəm.

Hətta belə bir hal baş veribsə də, bu, ilk növbədə baş məşqçinin boşluğunun nəticəsidir. Baş məşqçi komandanı meydana oyun satmaq üçün çıxarmır ki.

Komandaya nəzarət edə bilmirsə, oyunun satıldığını hiss etmirsə, niyə oturur orda? Yenə deyirəm, məsələ dediyiniz kimidirsə, bu işdə əsas günahkar Nazim Süleymanovdur.

Nə həmin oyuna baxmışam, nə də epizodları görmüşəm. Hesab haqda məlumatlıyam ki, matç 8:2 hesabı ilə başa çatıb".

Alı bəyin klubun prezidenti Zahid Niyazəliyevin alğı-satqıdan xəbərdar olması ehtimalı ilə bağlı suala reaksiyası maraqlı oldu:

“Məsəl var, insan çiy süd əmib. Başqa nə deyim?”

Maraq üçün bildirək ki, şübhələr ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “İrəvan” – “Araz-Naxçıvan” oyunu ilə bağlıdır.

Meydan sahibləri matçın gedişində hesabda iki dəfə önə keçsələr də, ilk yarı 3:2 hesabı ilə naxçıvanlıların xeyrinə başa çatıb. Fasilədən sonra rəqib qapısına daha 5 dəfə yol tapan qonaqlar 8:2 hesabı ilə qalib gəlib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti