AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionatın reqlamenti barədə məlumat verib:
“2017/2018-ci illər mövsümündə çempionatda 10 komanda iştirak edəcək. Yarış 3 dövrədən ibarət sistemlə keçiriləcək. 3-cü dövrədə 1-ci dövrədə olan uyğunluq tətbiq olunacaq. Əgər biz 10 komandalı çempionatı 2 dövrə etsəydik, oyun sayı az olacaqdı. Komandaların daha çox oyun keçirməsini rəhbər tutub 3 dövrəli yarışa qərar verdik”.
Premyer Liqada olduğu kimi, I Divizionda da protokolda 23 futbolçu yer ala bilər. Oyunlar zamanı ilk onbirlikdə 6 nəfər yerli oyunçu olmaq şərti ilə daha yaşlı oyunçuların çıxışına icazə veriləcək.
Meydançada hər zaman ən azından 1996-cı il və daha gənc təvəllüdlü 3 oyunçunun olması şərtdi. Klublar start heyətində maksimum 2 legionerin xidmətindən yararlana biləcəklər. I Divizion FİFA-nın təsdiq etdiyi və artıq Azərbaycana gətirilən yeni toplarla oynanılacaq.
Ötən mövsüm bəzi xoşagəlməyən hallar oldu. Belə ki, I Divizionda iştirak edən komandaların adları danışılmış oyunlarda hallandı. Buna görə də hər oyunda nümayəndə olacaq və lazımi qeydlərini götürəcək və digər prosedurlar həyata keçiriləcək.
Əgər hər hansı bir şübhə yeri olarsa, araşdırılacaq və oyunun nəticəsi ləğv olunacaq. Oyun alqı-satqısında adı hallanan oyunçunun adı hüquq mühafizə orqanlarına təqdim olunacaq və onunla bağlı lazımi ölçü götürüləcək.

