
Azərbaycan çempionatının aşağı liqaları ilə bağlı araşdırma başlayıb.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, I Liqa və II Liqanın bir neçə matçının nəticəsinin öncədən razılaşdırılmasına dair ciddi şübhələr mövcuddur.
UEFA AFFA-ya bu yöndə serkulyar məktublar göndərib. Həmin məktublarda şübhəli oyunların siyahısı yer alıb və bu qarşılaşmalara dünyanın hansı ölkələrində qeyri-leqal bukmeyker kontorlarına böyük pul qoyuluşu edildiyi öz əksini tapıb.
«İrəvan»ın 2 futbolçusunun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasını xəbər vermişik. Fəhmin Muradbəyli və Ege Atlam sorğu-suala cəlb olunub.
Aldığımız qeyri-rəsmi bilgiyə görə, əslində, saxlanılan futbolçuların sayı daha çoxdur.
Deyilənlərə inansaq, təqribən 6-7 nəfər araşdırma çərçivəsində dindirilir. Qarşıdakı günlərdə bu siyahının daha da genişlənməsi gözlənilir.
SPORTİNFO.AZ