"AFFA onları cəzalandırsın, daha "Şahdağ"ı niyə çempinatdan kənarlaşdırır?"

25 Sentyabr 2017 12:24 I Divizion 1 065
"AFFA onları cəzalandırsın, daha "Şahdağ"ı niyə çempinatdan kənarlaşdırır?"

Bu gün I Divizionda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Tədbir saat 13:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Mövsümdə 10 komanda - “Şüvəlan”, “Turan Tovuz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Mil-Muğan”, MOİK, “Binə”, “Xəzər” və “Sabah” mübarizə aparacaq.

Püşkatmadan öncə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. İclasda “Bakılı” və “Şahdağ” tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

"Şahdağ" azarkeşləri yaranmış vəziyyətdən məyus və narazıdı. Qusarlı azarkeşlərin adından Sportinfo.az-la əlaqə saxlayan fan-lider Laçın Bədəlov aldadıldıqlarını söyləyib:

"AFFA və Peşəkar Futbol Liqasının yaratdığı komissiya "Şahdağ"ın diviziona buraxılmadığını ilk dəfə açıqlayanda, biz Bakıya gəlmək istəyirdik. Qusar camaatı çox narahatdı. Nə qədər adam mənə müraciət edib, AFFA-nın qarşısında aksiya keçirmək istədiklərini bildirib.

Klubun prezidenti Ərəstun Niftiyev qoymadı. Bizə yalandan dedi ki, narahat olmayın, problem artıq həll olunub, "Azenko"nun sahibi AFFA ilə danışıb. Niftiyev azarkeşləri inandırdı ki, "Şahdağ" çempionatda çıxış edəcək, Bakıya getmək lazım deyil.

Biz də fikirləşdik ki, AFFA-nın "Şahdağ"ı çempionata buraxmaq niyyəti olmasaydı, püşkatmanı ötən həftə keçirərdi, 5-6 gün sonraya saxlamazdı. Püşk ötən həftənin ikinci günü atılmalıydı əslində. Qusar futbolsuz qala bilməz! Bu rayon turizmin məskənidi.

Azərbaycana gələn turist ən çox şimal bölgəsinə üz tutur. Bu bölgədə yeganə peəşkar klub "Şahdağ"dı. 58-ci ildə yaradılan klubu AFFA necə dağıda bilər? Biz bunun səbəbini bilmək istəyirik. Qadağaya səbəb olan adamlar kimlərdisə, qoy, AFFA onları cəzalandırsın, daha "Şahdağ"ı niyə çempinatdan kənarlaşdırırlar?

Bir-iki nəfərin günahı varsa, buna görə "Şahdağ" dağıdılmamalıdı. "Şahdağ"sız 1 günümüz olmasın! Mən həmişə bu komandanın yanında olmuşam. Öz cibimin puluna bütün səfər oyunlarına getmişəm. Qusarda futbol olan gün bayramdı.

Azərbaycanda çox az sayda futbol rayonu qalıb. Qusar onlardan biridi. AFFA elə bilməsin ki, biz sakit oturacağıq. Yığışıb gələcəyik. Bu qərarla qətiyyən barışan deyilik. Ölkədə hara lazımdısa, ora da məktub yazacağıq, şikayət edəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti