Divzionun məhv edilməsinin alt məqsədi – PFL-nın ləğvi

24 Sentyabr 2017 19:00 I Divizion 1 230
Divzionun məhv edilməsinin alt məqsədi – PFL-nın ləğvi

Sabah I Divzionda yeni mövsümü püşkü atılacaq. Əslində, bu mərasim 5 gün öncə düzənlənməliydi. AFFA və PFL-in birgə komissiyasının klublardan daxil olan müraciətlərə baxaraq, qəbul etdiyi son qərar böyük ajiotaj doğurub və həftəiçi səs-küy kəsilmədi.

Sənədləri qaydasında olan 10 klubun I divizionda iştirakına icazə verilib: “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, "Binə", "Xəzər" və MOİK. “Şahdağ Qusar”, “Göyəzən”, “Göyçə”, "Karvan”, “Energetik” və “Bakılı” kənarda qalıb.

Bilindiyi kimi, divizionda danışılmış oyunlar ehtimalının qarşısının alınması, stabilliyin və şəffaflığın təmin olunması məqsədilə AFFA və PFL-in apardığı birgə müzakirələrin nəticəsi olaraq yeni sistemin tətbiqinə qərar verilib. Bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Qrupunun hazırladığı təkliflər İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub.

Nəticədə baş katiblik komitə üzvləri ilə fərdi qaydada müzakirə aparıb. İcraiyyə Komitəsinin əlavə və dəyişiklikləri nəzərə alındıqdan sonra I divizionda çıxış etmək istəyən klublar üçün müraciət qaydaları hazırlanıb.

Tətbiq olunan yeniliklər əsasən növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir.

Müraciət etmiş klubun I divizionda çıxışı üçün müsbət cavab verilib-verilməməsinə təqdim olunmuş sənədlərin tamlığı, AFFA-nın təyin etdiyi Komissiya və ya müvafiq orqan tərəfindən aparılmış araşdırma və təhlilin nəticələri, eləcə də 2016/17-ci il mövsümü ərzində UEFA-dan “danışılmış oyunlarla” bağlı daxil olmuş hesabatlar kimi faktorlar təsir edir.

Şərtləri tam yerinə yetirən yoxdu. Qismən yerinə yetirənlər var. AFFA SOCAR vasitəsilə maliyyələşdirdiyi komandaların heç birini zibil yeşinə atmayıb. Hamısı öz ampluasındadı. Federasiyanın oyun "alver"inin üstünə düşməsi alqışlanasıdı. Düzdü, bugünədək ortalığa hansısa fakt qoymayıblar. Bu fakt varsa belə, onu ictimaiyyətlə tanış etməyiblər.

AFFA-nın kluarlarında əsasən şübhələrdən və UEFA-dan gələn serkulyar məktublardan danışılır. Qurum ötən mövsümün gedişində "Rəvan"la "Şərurspor"u çempionatı kənarlaşdıranda da qapalı qutunun qapağını qaldırmadı, gizli saxladı.

UEFA-nın məktubları faktlarla doludusa, bunlardan birindən xəbərdar olmağımızx qəbahətdimi? Əgər danışılmış oyunlarla bağlı məlumatlar İsveçrənin göbəyində mənzillənən ali təşkilata sızıbsa və onlar dərinə gedərək tutarlı bilgilər əldə edibsə, AFFA daha nədən qorxur? Əsas odu ki, burda baş verənlər UEFA-ya məlumdu. Ehtiyatlanmaq nəyə lazım? İş-işdən keçib artıq.

Divizion yorğan davasına çıxanların "arxa cəbhə"si olmaqdan çıxıb. Burda böyük pullar fırlanmır, olan qəpik-quruşdu. Bu pulda kimin gözü var, kimin gözü yoxdu - dəqiqləşdirmək gərəyini itirib. İstər AFFA-nın baş katibi Elxan Məmmədov, istərsə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 7 arxa dönəninə bəs edəcək qədər pul qazanıb bu futbolda. Və qazanmaqdadı.

Kifayət qədər gəlir mənbələri var və tutduqları mövqeyə görə illərlə maaş-("paket") almasalar belə, veclərinə olmaz. Onları divzion konteksində üz-üzə gətirən nüfuz savaşıdı. Elxan Məmmədov PFL-in ləğvinə çalışır və illərdən bəridi bu projeni həyata keçirməyə başlayıb. Tədricən məqsədinə doğru irəliləyir: 8-i Premyer Liqada, 10-u divizionda mübarizə aparan klubları bir araya gətirmək üçün ayrıca qurumun fəaliyyətinə gərək varmı?

Baş katib bu sualı gündəmə gətirib, AFFA prezidenti Rövnəq Abdullayevi əsl məqsədinin kölgəsində dolandırmaq marağındadı. PFL ləğv olunsun, yerində komitə, yaxud departament yaradılsın. R.Musayev getsin, komitə/departamentin sədrliyinə öz adamını təyin etsin – Elxan Məmmədovun hədəfin uc nöqtəsi bundan uzağa getmir.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti