AFFA və Peşəkar Futbol Liqasının yaratdığı birgə komissiya, yəqin ki, I Divizion iştirakçılarının sayına yenidən baxacaq. Düzdü, çempionatın 10 komanda ilə start götürəcəyi rəsmən elan olunub, lakin kənarda qalanların etirazı, ictimaiyyətin bu məsələyə həssas yanaşması və etirazı, belə düşünməyə əsas verir ki, yarışmaçıların sıraları genişlənəcək.
"Göyçə"nin ümidləri indi daha çoxdu. Oyun satanların əlindən "Mil-Muğan"dan qaçan Aqil Məmmədov artıq bu komandanın baş məşqçisidi. Aydındı ki, o, Ramin Musayevin adamıdı. PFL prezidentinin göstərişi olmasaydı, Mübariz Məmmədov onu fəaliyyətini yenicə bərpa etdiyi klubun sükanı arxasına gətirməzdi.
Dünənədək "heç kim mənə diktə edə bilməz" söyləyən iş adamı, göründüyü kimi, artıq yumşalıb və diviziona qatılmaq naminə istənilən güzəştə getməyə hazırdı. Hazırda "Göyçə"lilərinə düşərgəsində "Rəvan"dan gəlmiş futbolçu qalmayıb. Prezident hamısını bir gecənin içində yola salıb. Tibbi və texniki personal istisnadı. Onların yerindən tərpənməməsini isə Aqil Məmmədov şəxsən özü istəyib.
Bəhmən Həsənova gəlincə, "Rəvan"ın sabiq çalışdırıcısı, güman ki, bundan sonra futboldan birdəfəlik uzaqlaşmalı olacaq. Bütün yolları bağlanb, qapılar üzünə çırpılıb, körpülər yanıb. Həsənovu nə AFFA içəri alır, nə PFL. Nuru Əliyev də futbolda qalmayıb ki, onu 6-cu dəfə "Rəvan"da işə götürsün. Bəs bu mütəxəssisin gözdən və könüldən uzaq tutulması nə ilə bağlıdı?
Öncə onu vurğulayaq ki, "Rəvan" məhz Həsənovun çalışdırdığı dönəmdə I Diviziondan uzaqlaşdırılıb. Ötən mövsümün ikinci dövrəsində çempionatda iştirakına son verilən komandanın 6 futbolçusunun adı şübhəli qismində "arzuolunmazlar"ın siyahısında yer almışdı. Sonradan onların sayında azalma olsa, Elvin Əliyevlə Cəmşid Məhərrəmovun üzərində bu ləkə hələ də təmizlənməyib.
Komanda bir ailədi və burda nə baş verirsə, nəzərlər birbaşa ailənin başçısına yönəlir. Nuru Əliyevin başlı-başına buraxdığı "Rəvan"da at oynadan, qılıncının qabağı da, arxası da kəsən Həsənov, ola bilməzdi ki, sərəncamındakıların hansı hoqqalardan çıxmasından duyuq düşməsin. Sadəcə, utopiyadı. Hər şeydən xəbəri var idi, özü də yerli-yataqlı!
Konkret səbəbə gəlincə, Həsənovu yaxın çevrəsindəkilər ələ verib. Danışılmış oyunların birində baş verən hadisənin, çox güman ki, çox şahidi olmayıb. Ancaq yerin də qulağı var, od qalanmasa, tüstü yayılmaz. Deməli, paltardəyişmə otağına gələn Həsənovun cibinə konvertin içində pul ötürülüb.
O isə əlini konvertin üstünə sürtərək, "deyəsən, az oldu" söyləyib. "İçindəki manat deyil, avrodu" cavabını alan baş məşqçi sakitləşib. AFFA-ya olayı məhz bu cür çatdırıblar. Doğrudu, Həsənov baş atıb başını tutur ki, heç nədən xəbəri olmayıb və heç bir "alver"in iştirakçısı olmayıb, ancaq kimdi ona inanan? Adamın adı çıxınca, canı çıxsa yaxşıdı. Boş yerə deməyiblər ki, bu sözü…
SPORTİNFO.AZ

