Azərbaycanda futbola sərmayə qoymaq istəyən iş adamı gözlənilməz tələblərlə qarşılaşıb. Yeni yaradılan "Göyçə"nin Mübariz Məmmədov sonradan fikrindən daşınıb.
Buna səbəb onun klubunun birinci divizionda iştirak üçün şərtlərlə üzləşməsi olub. "Futbol+" yazır ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev M.Məmmədovdan tələb edib ki, birinci divizionda iştirak etməkdən ötrü baş məşqçi Bəhmən Həsənovu və bəzi futbolçuları komandasından qovsun.
Buna səbəb kimi onların adının oyun alverində hallanması göstərilib. Klub prezidenti isə həmin şəxslərə 50 min manat pul ödədiyini, şərti qəbul edə bilməyəcəyini deyib. Nəticədə "Göyçə" çempionata buraxılmayıb.
Qəzetin sorğusuna cavabında Məmmədov qısa danışıb: "Mənim kiminsə diqtəsiylə oturub-durmaq fikrim yoxdu. Futboldan gedirəm. Xərclədiyim pullara gəlincə, zərərin yarısından da qayıtmaq xeyirdi".
Sportinfo.az uzun illərdən sonra fəaliyyətini bərpa edən "Göyçə"nin fors-major vəziyyətə düşməsiylə bağlı bəzi başqa bilgilər də əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, R.Musayev həqiqətən M.Məmmədova "Bəhməni uzaqlaşdırın" deyin.
Və bunu AFFA-nın "qara siyahı"sı ilə bağlayıb, ötən mövsümün ikinci dövrəsində diviziondan uzaqlaşdırılan "Rəvan"ın daxilində baş verənləri onun diqqətinə çatdırıb. Eşitdiklərindən şoka düşən klub prkzidenti "Mən "Rəvan"dan gələn məşqçi və futbolçuların heç birini saxlamayacam" söyləyib və vədinə əməl edib.
Ardınca isə ondan daha 5 oyunçunu düşərgədən qovması istənilib. Bu, hələ son deyil! Məmmədova təklif olunub ki, "Mil-Muğan"dan ayrılan Aqil Məmmədlvu sükan arxasına gətirsin. O, son iki şərti qəbul etməyib.
AFFA və PFL-in birgə komissiyası "Göyçə"ni diviziona buraxmayınca, Məmmədov futbolçulara "Futbola cibimin pulunu xərcləyim, başqaları da mənə əmr versin? Belə şey dünyasında ola bilməz!" deyərək, özlərinə klub tapmalarını və bir də bu sahəyə qayıtmayacağını bildirib.

