18 komanda – 10-u Bakı, 8-i əyalət təmsilçisi. “Qarabağ”ın da Suraxanıda məskunlaşdığını nəzərə alsaq, Premyer Liqada və I divizionda mübarizə aparan komandaların 11-i, yəni 61 faizi paytaxtdadı.
***
Dünən AFFA yekun qərarı verdi və bəlli oldu ki, yeni mövsümdə aşağı dəstədə 10 komanda mübarizə aparacaq. “Mil-Muğan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala” kimi əyalət klublarına, “Qaradağ Lökbatan”, “Vətən”, “Şüvəlan”, MOİK, “Binə” və “Xəzər” qoşulacaq və onlardan üçü debütantdı.
“Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən” və “Energetik” əslində, hələ ötən mövsümün gedişində çempionatdan qovulmalıydı. Bu aqibəti yaşayan “Rəvan” və “Şərurspor” kimi, sözügedən komandalar da danışılmış oyunlarda adı ən çox hallanan komandalar idi. Təbiidi, UEFA-nın sanksiyasından ehtiyat edən AFFA maksimum dərəcədə diqqətli oldu və şübhəli klubların heç birini yarışa buraxmadı. Məsələn, yeni yaranan “Göyçə” məhz heyətin başdan-ayağa şübhəli oyunçulardan qurulmasına görə kənarda qaldı. “Karvan” da o cümlədən.
***
İşin bu qismi aydındı. Ölkə futboluna heç bir faydası olmayan, Premyer Liqaya bir futbolçu belə göndərməyən bu komandaların varlığı əhəmiyyətli deyil. Ölkədəki mövcud iqtisadi durum, SOCAR-ın öhdəliklərinin ağırlığı da bəllidi. Amma axı, Azərbaycan Bakıdan ibarət deyil. “Vətən” , “Binə”, “Xəzər” kimi komandalara “yaşıl işıq” yandırmağın nə mənası var?
“Vətən” – Təhsil nazirliyinin komandasıdı, futbolçularına orta hesabla 800 manat maaş verəcək, illik büdcəsi 300 min AZN-dir:
“Binə” – hansısa iş adamı sponsorluq edir, orada da maaş fondu və büdcə “Vətən”lə oxşardı, hətta yoxlama oyunlarındakı son məğlubiyyətlərdən sonra komanda dağılmaq ərəfəsindəydi;
“Xəzər” – “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqovun dostlarının yaratdığı klubdu, “14 nömrə”nin nəzarəti və məsləhətləri ilə yaşayacaq, büdcəsi 250-300 min aralığında olacaq.
Hər 3 komandaya uğur arzulayırıq. Amma bu komandaların bölgələri təmsil etməsi daha məntiqli olmazdımı? Deyək ki, Təhsil nazirliyi “Vətən”i Sabirabad təmsilçisi kimi yarışa buraxsaydı, “Binə” beton stadionunda oynamaqdansa, daha cazibədar adla bölgələrimizdən birinin şərəfini qorusaydı və ya “Xəzər” “Kür”ə çevrilib Mingəçevirdə çıxış etsəydi, daha yaxşı olmazdımı? Hə, rayonda fəaliyyət göstərmək çətindi, daha çox vəsait tələb olunur, qoy bunu da bölgələrin inkişafı naminə AFFA fikirləşsin.
***
Milli komandamızın San-Marino üzərindəki mənasız qələbəsinə görə komandaya 1 milyona yaxın vəsait mükafat halında verilib. Təsəvvür edin, bu 3 komandanın birlikdə illik büdcəsi qədər vəsait 1 günə havaya sovrulub. Olmazdımı, həmin pul elə bu komandaların büdcəsinə əlavə edilərdi və onların qarşısına hansısa rayonu təmsil etmək tələbi qoyulardı? Və ya Qusarda, Mingəçevirdə, Qazaxda tamamilə yeni komanda yaradılardı?
***
AFFA-nın “Bakılı” kimi komandaları yarışa buraxmaması əladı, təmiz futbol oynanılmasa, inkişaf olmayacaq, danışılmış oyunlarla xoş gələcəyə ümid etmək olmaz. Lakin oğrunu, canini qandallamaq cinayətkarlığın kökünün kəsilməsi demək deyil. Sağlam cəmiyyət üçün mühiti təmizləməlisən. 200-300 manat maaş alan, heç bir stimulu olmayan futbolçu ailəsini saxlamaq naminə məcburiyyətdən qumara qoşulur.
Sabah Ağsudan, Tovuzdan, Zaqataladan da eyni xəbərlər gələcək. Çünki regionlar üçün heç bir iş görülmür, insanların yaşayışının yaxşılaşdırılması üçün addım atılmır. İnsanların əlindən tutub, onlara kömək edib, düz yola çəkmirik, səhv etməsini gözləyib, başından basırıq.
***
Hə, yığışaq Bakıya. “Kəpəz”i, “Qəbələ”ni də köçürək “Dalğa”ya, “Bayıl”a, nə bilim hansısa “Arena”ya. Sonra zavod çempionatına baxıb, “futbolumuz var” deyək.
Futbol oynamırıq, futbolla oynayırıq. Belə iş, strategiya, idarəetmə olmaz. Mərkəzləşməyə deyil, yayılmağa, paylaşmaya, böyüməyə cəhd etməliyik. Paytaxt – bölgə ayrımında 61-in 39-a nisbəti Azərbaycanda futbolun sonunun yaxınlaşmasının göstəricisidi.
Divizionda yarışların təşkili, təbliğatı, idarə olunması arzuolunmaz səviyyədədi. AFFA, PFL papağını qarşısına qoyub fikirləşməlidi. Ölkə rəhbərliyi regionların inkişafını prioritet saydığı bir vaxtda sizin bu proqrama hansı dəstəyiniz var? (futbolinfo.az)

