"Bir neçə gündü məşqlərə başlamışıq. Hazırda düşərgədə ötənilki heyətdən 8 nəfər var. Qalanları isə rayonun özündən seçim yeniyetmə və gənclərdi" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev deyib.
Növbəti mövsümə hazırlaşan Qusar klubu avqustun 10-dan təlim-məşq toplanışına start verəcək. İki həftə davam edəcək hazırlıq prosesi zamanı komanda "ORQ Centre"də məskunlaşacaq: "Divizionda elə-belə oynamayacağıq.
Yuxarı yerlər uğrunda mübarizə aparacağıq. Kənardan Qusara 9 futbolçu gətirəcəm. Ola bilsin, Dağıstan və Gürcüstandan da 2-3 legioner çağırdıq. Yaxşı futbolçu olsun, götürüm. Özümüzkülərdən xeyli güclü olmalıdı, yoxsa mən onlara üstünlük verməyəcəm.
"Şahdağ"da işləmək asan deyil. Qalıb işləyirəmsə, bütün çətinliklərə dözməyə hazıram. Gərək hər şeyə sıfırdan başlayaq. İki ildən artıq müddətdi Qusar futbolundan uzaq düşdüm, bu müddətdə uşaq futbolu demək olar dağıldı.
İndi onları da yavaş-yavaş bərpa edirik. Maliyyə vəziyyətimiz keçənilki kimi olmayacaq. Büdcəmiz artıb və sponsorumuz söz verib ki, maliyyə təminatı bundan da yaxşı olacaq. Deyərdim ki, ayrılan büdcə hesabına normal komanda qura bilərik".

