“Azarkeşlərin narazılığını başa düşürəm, anlayışla qarşılayıram, amma bəzən elə hallar yaşanır ki, başa düşə bilmirəm”.
Birinci Divizionun 21-ci turu çərçivəsində Tovuzda baş tutan “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında (3:2) gəncəli azarkeşlərin narazılığı ilə üzləşən baş məşqçi Yaşar Vahabzadə qərb derbisində yaşananlar haqda Sportinfo.az-a açıqlama verib.
“Kəpəz"in azarkeş qrupu olan "Kəpəz Ultras” bu görüşdə baş məşqçi Yaşar Vahabzadənin istefasını tələb edib.
Fanatlar uğursuz çıxışları səbəbindən "Nəticələriniz gözümüzü yaşardır" şüarı yazılmış pankart açıb, təcrübəli mütəxəssisin ünvanına "istefa" şüarları səsləndiriblər.
Yaşar bəy nə baş verdiyini anlamadığını deyib:
“Vallah, çox şey özümə də qaranlıqdır. Komanda uduzursa, işlər yolunda getmirsə, fanatların etirazını qəbul edə bilmərəm. Çünki hər bir azarkeş komandasının qələbə qazanmasını istəyir.
Amma hesab 0:0 olarkən, üstəlik, “Kəpəz” meydanda üstün tərəf görünərkən tribunalardan “istefa” şüarı səslənirsə, çaşıb qalırsan.
Özləri ilə pankart gətirmişdilər, olmazdı elə, olardı belə - qələbə qazanardıq. Onda necə olacaqdı? Yenə həmin pankart açılacaqdı? Problem nədir, onu bilmirəm”.
“Turan Tovuz”a məğlubiyyətdən sonra aktivində 28 xal olan “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Gəncə təmsilçisi aprelin 19-da doğma azarkeşləri önündə “Səbail-2”ni qəbul edəcək.
HƏBİB

