AFFA susub, bəs özünüzə nə gəlib?

14 Aprel 2022 23:00 I Divizion 792
AFFA susub, bəs özünüzə nə gəlib?

Mövsümün əvvəli "Kəpəz" ciddi transferlərlə yadda qalmağı bacarmışdı.

Komanda Premyer Liqa təcrübəsi olan Cavid İmamverdiyev, Tural Rzayev, İbrahim Qədirzadə kimi simaları heyətə qatmaqla gündəmə gəlmişdi.

İlk baxışdan formalaşan heyətin rahatlıqla mövsümü çempion kimi başa vuracağı ehtimal olunurdu. Futbolçular, məşqçilər heyəti də açıqlamalarında, müsahibələrində çəkinmədən bu istəyi dilə gətriridi.

Amma arxada qalan 20 turda tam başqa mənzərəyə şahidlik etdik.

Belə ki, müəyyən müddət ilk üçlükdə qərarlaşan kollektiv heç cür lider kürsüsünə "əyləşə" bilmədi.

Əksinə pillə-pillə geriləyən bölgə klubu turnir cədvəlinin 8-ci pilləsinə kimi yuvarlandı. Liderlə aradakı xal fərqi isə nə az, nə çox 19 xaldı. Yaşar Vahabzadənin yetirmələri meydana çıxdığı 19 görüşdə cəmi 7 qələbə qazanıb.

Təbii ki, göstərilən nəticə nə komandanın adına, nə büdcəsinə, nə də heyətinə yaraşmır. Azarkeşlərinə isə heç yaraşmır. Sirr deyil ki, Gəncə caamatı futbolu bilən insanlardı.

Bu gün nəinki nəticələr, heç göstərilən oyun da yerli tərəfdarları razı salmır. Etirazlar isə hər keçən gün böyüyür. Əsas hədəf isə təbii ki, baş məşqçi Yaşar Vahabzadədir.

Nəticələrə birbaşa cavabdeh olan adam isə özündə günah görmür. Görsə, bir an düşünmədən istefa verər. Əksinə, hələ fanatlara çəpik çalır, barmaq silkələyir.

Hamıya məlumdur ki, təcrübəli mütəxəssisi "Kəpəz"ə AFFA təyin edib. Və bir qərarla da AFFA onu postundan göndərə bilər.

Vahabzadə də məhz federasiyaya arxayın olub, kreslosundan möhkəm yapışıb. AFFA yaranmış duruma susubdu, bəs özünüzə nə gəlib?

Axı söyülən, təhqir olunan, ən yaxşı halda 90 dəqiqə istefa şuarlarını eşidən sizsiniz. Axı istefa vermək həm də bir mədəniyyətdir, özünə hörmətdir. Niyə hörmətli olmaq istəmirsiniz axı?

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti