«Kəpəz» 4 illik fasilədən sonra yenidən
Premyer Liqaya qayıdır. AFFA artıq həm Gəncə təmsilçisi, həm də «Turan Tovuz» qarşısında «yaşıl işıq» yandırıb.
Federasiya I Divizionda mübarizə aparan qərb klublarının elitada iştirakla bağlı onlara müraciət ünvanladığını açıqlayıb.
AFFA onu da elan edib ki, aşağı dəstədə qüvvəsini sınayan digər iştirakçılardan heç birindən belə bir məktub almayıblar.
Bu isə növbəti mövsüm Premyer Liqada klub sayını 10-a çatdırmağı planlaşdıran qurumun «Kəpəz» və «Turan»ın üzərində dayanacağı deməkdir.
«Kəpəz» yüksək liqaya dönərsə və futbol akademiyası yaradılarsa, nə baş verəcək?
Gəncə klubunun koordinatoru İlham Səmədov Sportinfo.az-ın əməkdaşının bu haqda sualına belə cavab verib:
«Birincisi, kütləvilik artacaq, maraq artacaq. Gəncədə 44 orta məktəb var. Elə o məktəblərdə seleksiya işləri aparmaqla bilirsiz nə qədə istedad üzə çıxara bilərik?
Mən hələ ətraf rayonları demirəm. Yevlaxda, Şəmkirdə, Mingəçevirdə, Samuxda və digər yaşayış məntəqələrində bilirsiz, nə qədər istedad var?
Onların hamısını üzə çıxarıb akademiya səviyyəsində hazırlasaq, Azərbaycan futboluna böyük töhfə vermiş olarıq.
Mənə pis gələn bilirsiz, nədir?
Son illərə kimi Azərbaycan millisinin heyətində həmişə Gəncə futbolunun yetirmələri çıxış edir. Amma indi millidə 1 gəncəliyə rast gələ bilmirik.
Qısası, bataqlıqdan çıxmaq üçün vacib olan ilk addım «Kəpəz»in Premyer Liqada oynaması və futbol akademiyasının yaradılmasıdır».

