AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Premyer Liqanın gələn mövsümü ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, I Divizionda mübarizə aparan bölgə təmsilçilərindən "Turan Tovuz" və "Kəpəz" Lisenziyalaşdırma Komitəsinə müraciət edib, "Zaqatala" isə sənədlərini göndərməyib:
«Strategiyamıza uyğun olaraq Premyer Liqaya iki komandanın gəlməsini planlaşdırırıq. Nöbəti illərdə bu sayı artırmağı düşünürük.
Biz qeyri-peşəkar yanaşsaq, dərhal 6 komandanı Premyer Liqaya daxil edə bilərik. Amma bu, stabil olmayacaq. Ona görə də gərək stabil şəkildə inkişaf edək.
Növbəti mövsümdə Premyer Liqaya yüksələn komandaların sayı ikidən az ola bilər? Təbii ki, risklər hər zaman böyükdür. Riskləri azaltmaq üçün katiblik bu işə baxır».
E.Məmmədovun söylədikləri doğrudurmu? Stabil inkişaf barədə qeydləri ilə razıyıq. Qeyri-peşəkar yanaşma yaxın gələcək üçün böyük təhlükə saçır.
Belə götürəndə, Divizionda pis-yaxşı cəmi 5 klub var, qalanları Premyer Liqa təmsilçilərinin əvəzedici heyətləridir. Onlardan MOİK və «Qaradağ Lökbvatan» paytaxtı təmsil edir.
«Zaqatala»nın müraciət etməməsi bardə E.Məmmədovun dediklərinə gəlincə, təəssüf ki, icraçı vitse-prezidenti yenə həqiqəti ictimaiyyətdən gizlədir.
Şmallılar AFFA-ya müraciət ünvanlayıb. «Turan Tovuz» və «Kəpəz» necə, onlar da elə. Bu klubların heç biri lisenziyalaşdırma tələblərinin hamısını yerinə yetirməyib.
Adlarını çəkdiyimiz region nümayəndələri maliyyə öhdəliyini öz üzərinə götürməyib. Yəni ki, onlar sponsor və bank zəmanəti kimi şərtlərə cavab vermirlər.
Odur ki, E.Məmmədovun «Zaqatala»nı unudub, yalnız iki qərb təmsilçisinin adını qeyd etməsi qəribədir.
Doğrudanmı, Lisenziyalaşdırma Komitəsinin üzvləri «Zaqatala»nın sənədləri quruma göndərməsi barədə icraçı vitse-prezidenti məlumatlandırmayıb?
Heç inandırıcı deyil…
SPORTİNFO.AZ

