"Mənim heç kimin yerində gözüm yoxdur, öz vaxtımı gözləyirəm"

8 Aprel 2022 21:00 I Divizion 699
"Mənim heç kimin yerində gözüm yoxdur, öz vaxtımı gözləyirəm"

«Şəxsimə göstərilən diqqət və ehtiram məni sözün həqiqi mənasında təəsirləndirdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi-2»nin baş məşqçisi Mahmud Qurbanov deyib.

Dünən xəbər verdiyimiz kimi, bir qrup «Kəpəz» azarkeşi saytımıza müraciət edib. Redaksiyamızla əlaqə saxlayan gəncəli fanatlar komandanın durumundan narahat olduqlarını bildiriblər.

Onlar Yaşar Vahabzadəni istefaya getməyə səsləməklə yanaşı, AFFA-ya mesaj veriblər. Belə ki, qərbli futbolsevərlər sevimli «Kəpəz»in sükanı arxasında Mahmud Qurbanovu görmək istədiklərini bildiriblər.

Ötən mövsüm «Neftçi»nin əvəzedici komandasını I Divizionun çempionu edən «Pro» kateqoriyalı mütəxəssis artıq Premyer Liqada çalışmaq istədiyini, ancaq bu məsələnin yalnız ondan asılı olmadığını qeyd edib:

«Gəncəli azarkeşlərə saytınız vasitəsilə öz minnətdarlığımı bildirirəm. Həmişə demişəm ki, məni Azərbaycana «Kəpəz» tanıdıb. U

zun illər bu klubun formasını geyinmişəm, çempionluqlar qazanmışam. Doğma şəhərimdə keçirdiyim illəri, xoş günləri heç vaxt unutmaram.

İstər «Kəpəz»də, istərsə də başqa klublarda çıxış etdiyim vaxtlarda həmişə gəncəli azarkeşlərdən dəstək görmüşəm. Sevinirəm ki, onların yaddaşında yaxşı iz buraxmışam və bu gün də mənə böyük xətir-hörmətlə yanaşırlar.

Hər şey qarşılıqlıdır. Onların söylədikləri xoşdur. Sadəcə, bu məsələlər məndən asılı deyil. «Kəpəz»in rəhbərliyi var, onlar və AFFA nə məsləhət bilsə, o da olacaq.

Mənim heç kimin yerində gözüm yoxdur. Öz vaxtımı gözləyirəm. Nə vaxt şans düşəcəksə, təklif gələcəksə, uyğun olacağı təqdirdə, dəyərləndirəcəm.

Normal şərait yaradılarsa, niyə Premyer Liqada işləməyim? Özümə, savadıma və bacarığıma güvənirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti