Bir qrup «Kəpəz» azarkeşi Sportinfo.az-a müraciət edib.
Redaksiyamızla əlaqə saxlayan gəncəli fanatlar komandanın durumundan narahat olduqlarını bildiriblər.
Onlar Yaşar Vahabzadəni istefaya getməyə səsləməklə yanaşı, AFFA-ya mesaj veriblər:
«Vahabzadə neçə ildir Gəncədə işləyir. AFFA ona hər cür şərait yaradıb. Burada oteldə qalır, xidməti maşın veriblər.
AFFA bu mövsüm Divizion klubları arasında ən çox büdcəni «Kəpəz»ə ayırıb. Ən çox maaşı «Kəpəz» verir.
Amma komanda nəticə qazana bilmir. Baş məşqçi futbolçuları özündən narazı salıb. Vahabzdənin xasiyyəti çox pisdir.
Heç kimlə dil tapa bilmir. Hərdən bizə elə gəlir ki, o, otaqda tək qalanda öz-özüylə mübahisə edir, dalaşır.
AFFA onu Gəncədə saxlasa, səhv edər. Biz demirik ki, Mehman Allahverdiyevi baş məşqçi postuna qaytarsınlar.
Ona klubda normal bir vəzifə versinlər. Uzun illər «Kəpəz»də işləmiş bir şəxsin 5-6 ildir kənarda qalması bizə xoş gəlmir.
AFFA bura kimi baş məşqçi göndərsə, Vahabzadədən zəif olmayacaq. AFFA «Kəpəz»ə yaxşı büdcə ayırıbsa, stadionda təmirə başlayıbsa, Gəncəyə normal məşqçi də göndərə bilərlər.
Mahmud Qurbanov gəncəlidir, niyə AFFA onu «Kəpəz»ə təyin etməsin? Neçə ildir «Neftçi»nin əvəzedici komandasında işləyir, ötən mövsüm çempion olub, təcrübəsi var.
«Pro»nu ona görə oxumayıb ki, boş-boşuna cibində gəzdirsin. Gəncəlilər Mahmud Qurbanovu təmiz və düzgün insan kimi tanıyır.
AFFA «Kəpəz»i ona tapşırsa, biz azarkeşlər də dəstəyimizi Mahmud müəllimdən əskik etməyəcəyik».

