Mövsümün əvvəli "Kəpəz" ciddi transferlərlə yadda qalmışdı. Komanda Premyer Liqa təcrübəsi olan Cavid İmamverdiyev, Tural Rzayev, İbrahim Qədirzadə kimi simaları heyətə qata bilmişdi.
İlk baxışdan formalaşan heyətin rahatlıqla mövsümü çempion kimi başa vuracağı ehtimal olunurdu. Amma arxada qalan 20 tur tam başqa mənzərəyə şahidlik etdik.
Belə ki, müəyyən müddət ilk üçlükdə qərarlaşan kollektiv heç cur lider kürsüsünə "əyləşə" bilmədi. Əksinə pillə-pillə geriləyən bölgə klubu turnir cədvəlinin 8-ci pilləsinə kimi yuvarlandı.
Təbii ki, yaranmış durum yerli fanatları narahat etməyə bilməz. Baş məşqçi Yaşar Vahabzadəyə böyük təzyiqlər var. Son turdakı "Keşlə-2" matçında alınan məğlubiyyət (0-2) səbr kasasını daşırmış oldu.
Çılğın fanatlar sosial şəbəkə hesabından təcrübəli mütəxəssisə yönəlik təhdid paylaşımı etməkdən də çəkinməyiblər:
"İstefa vermək özü bir mədəniyyətdir. Bunu dedik, biləsiniz. Bu gün divizionda azarkeş sayı sizi aldada bilər, amma unutmayın ki, Premyer Liqada bir neçə min nəfərdən istefa eşitmək ağır gələcək.
Uğur arzulamırıq, bacardığınızı edin".
XANOĞLAN / SPORTİNFO.AZ

