Mənsimov davadan danışdı: ”Səhvini anlayacaq - Dartırdı, yıxırdı”

3 Aprel 2022 14:00 I Divizion 902
Mənsimov davadan danışdı: ”Səhvini anlayacaq - Dartırdı, yıxırdı”

“Rəqibin həmin futbolçusu (Rüstəm Rüstəmov – H.) ardıcıl bir neçə epizodda o cür hərəkətlərlə Mişanı (Mixail Erqemlidze – H.) əsəbiləşdirirdi. Dartırdı, yıxırdı”.

Birinci Divizionun 19-cu turu çərçivəsində baş tutan MOİK – “Sabah-2” görüşündən sonra (0:0) “tələbələr”in çalışdırıcısı İlqar Mənsimov Sportinfo.az-a açıqlamasında oyunun ikinci hissəsində yaşanan qalmaqal barədə danışıb.

Baş məşqçi davanın iştirakçısına çevrilmiş gürcü futbolçusuna haqq qazandırmasa da, MOİK-ik kapitanının da əməlinə görə meydandan qovulmalı olduğunu bildirib:

“Mişa o anda əlverişli qol imkanı yaxalamışdı. MOİK-in futbolçusu onu belindən tutub saxladı, hətta diqqətlə baxsaz, yaxasından tutub dartır.

Mişa da həmin hərəkətə refleks olaraq rəqibinə əl atdı. Əl atanda da rəqibin əlinə dəyir, üzünə yox.

Razıyam, futbolçumuz əməlinə görə meydandan qovulmalıydı. Amma eyni münasibət MOİK-in kapitanına da göstərilməliydi.

Birinci epizodda rəqibi əlverişli qol imkanı yaxalamaqdan məhrum etdiyinə görə sözsüz “sarı” idi. İkinci “sarı” isə Mişaya əl atdığına, münaqişədə iştirak etdiyinə görə.

Bəlkə də hakim həmin anda qərar verməkdə çətinlik çəkdi. Yəqin ki, soyuq başla baxanda səhvini anlayacaq”.

İlqar bəy matç başa çatandan sonra hər iki komanda üzvlərinin əl sıxaraq görüşdüyünü, əlavə qalmaqalın baş vermədiyini bildirib.

Ən maraqlısı baş məşqçinin Erqemlidze haqda dedikləridir:

“Mişa ilə söhbətimiz oldu. Özündən çıxmasının səbəbini söyləməklə yanaşı, əməlinə görə futbolçu yoldaşlarından və bizdən üzr istədi.

Rəhbərliklə görüşdə Erqemlidzeyə hansısa cəza veriləcək. Klub daxilində müəyyən ölçü götürüləcək. Lakin bu barədə mətbuata açıqlama verilməyəcək”.

Aprelin 1-də Binə qəsəbə stadionunda baş tutan görüş qolsuz bərabərliklə başa çatıb.

Baş hakim Rəvan Həmzəzadə 67-ci dəqiqədə Mixail Erqemlidze ilə yanaşı, ehtiyat oyunçular skamyasından meydana daxil olub münaqişədə iştirak edən MOİK-li Ruslan Vorontsova da qırmızı vərəqə göstərib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti