“Üzümə əl atdı, buts ilə başıma vurmuşdu” – DAVANIN İŞTİRAKÇISI

2 Aprel 2022 19:40 I Divizion 970
“Üzümə əl atdı, buts ilə başıma vurmuşdu” – DAVANIN İŞTİRAKÇISI

Birinci Divizionun 19-cu turu çərçivəsində baş tutan MOİK – “Sabah-2” qarşılaşmasının ikinci hissəsi futboldan çox qaydasız döyüş meydanını xatırladırdı.

Qolsuz bərabərliklə başa çatan görüşün ikinci yarısında meydan sahiblərinin kapitanı Rüstəm Rüstəmovun rəqibin gürcü futbolçusu Mixail Erqemlidzeyə qarşı kobud oyunundan sonra ara qarışdı, məzhəb itdi.

Rüstəm əks-hücuma çıxan rəqibinə qarşı aşkar sərt oynayaraq qarşısını alınca, Erqemlidze MOİK-in kapitanının əl atdı, Rüstəmov eyni üsulla cavabını verdi və beləcə texniki zonadakılarla məşqçilər meydana axışdı.

Rəvan Həmzəzadə məlum münaqişədən sonra Rüstəmi sarı, Mixaili qırmızı vərəqə ilə cəzalandırdı.

Davanın iştirakçılarından olan Rüstəm Rüstəmov Sportinfo.az-a açıqlamasında qayda pozuntusu zamanı səhvini etiraf edərək, gürcü futbolçunun onu vurduğunu deyib:

“Videogörüntüdə hər şey aydın görünür. Rəqibin “24 nömrə”si əks-hücuma çıxanda sonuncu müdafiəçi olaraq qarşısını kobudluqla alıram.

Belə deyim, tutub saxladım ki, qola getməsin. Bunun cavabının sarı vərəqə olacağını bilirdim.

O isə, ayağa durub üstünə gəldi, üzümə əl atdı. Ondan bir neçə dəqiqə əvvəl ikili mübarizədə buts ilə başıma vurmuşdu.

Kobudluq etmişəm, hakim var, cəza var. Məgər futbolçu durub futbolçunu vurmalıdır? Hakim epizoda yaxın idi və buna görə ona “qırmızı” verdi.

Mənə isə etdiyim kobudluğa görə “sarı” göstərdi. Hakim tam doğru qərar qəbul etdi”.

Binə qəsəbə stadionunda baş tutan görüş qolsuz bərabərliklə başa çatıb. Baş hakim Mixail Erqemlidze ilə yanaşı, ehtiyat oyunçular skamyasından meydana daxil olub münaqişədə iştirak edən MOİK-li Ruslan Vorontsova da qırmızı vərəqə göstərib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti