«Araz Naxçıvan» gələn mövsüm I Divizionda çıxış edəcək.
Muxtar Respublika təmsilçisi bunu rəsmi sosial şəbəkə hesabları üzərindən açıqlayıb.
Bölgə komandası Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacaq.
Aydındır ki, Naxçıvana səfər etmək havayı başa gəlmir. Hazırda ora 2 marşrutla getmək mümkündür: ya təyyarə, ya da İran ərazisindən keçməklə.
Qiyməti götürsək, quru yol daha sərfəlidir. Sadəcə, bu, minimum 1-1,5 gün vaxt itkisi deməkdir. Hava nəqliyyatından istifadəyə isə hamının gücü çatmır.
I Divizionda yarışacaq Bakı və digər region təmsilçiləri bu xərci necə qarşılayacaq. Axı aşağı dəstə komandalarının maliyyə ehtiyatı çox azdır.
Ötən illərin təcrübəsindən görürük ki, Premyer Liqa təmsilçiləri belə, əvəzedici heyətlərini saxlamağa çətinlik çəkir. Belə olmasaydı, AFFA onların hər birinə 50 min manat yardım ayırmazdı.
«Araz-Naxçıvan»ın yarış iştirakçıları sırasına qoşulması ilə bu xərclər bir xeyli artacaq. Biletə ödəniləcək vəsaitlə yanaşı, otel və qida da bir məsrəfdir.
AFFA-dan Sportinfo.az-a daxil olan məlumata görə, bu məsələ artıq müzakirə edilməkdədir. Federasiya Naxçıvana səfər edəcək komandaların xərcini öz üzərinə götürməyi planlaşdırır.
Vəsait onlara ayrılan ümumi məbləğə əlavə olunacaq, ya da ki, təqvimə əsasən, hər dəfə səfər iştirakçılarının əvəzindən ödəniləcək.

