Dünən “Turan Tovuz”un Müşahidə Şurasının iclası keçirilib.
Müzakirələrdən sonra Müşahidə Şurasının üzvü Əfqan Talıbovun baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib.
Birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.
Talıbov sonuncu dəfə 6 il öncə aşağı dəstədə çalışıb. Həmin vaxta kimi “Şərurspor“ çalışdırıb. AFFA bu klubu danışılmış oyunlarda iştirak şübhəsi ilə I Diviziondan uzaqlaşdırandan sonra o da “qara siyahı“ya düşüb.
Federasiyadan olsaydı, Talıbov bu gün də futbolda qalmayacaqdı. Nazim Süleymanovun yaratdığı təşkilata üzv olunca, AFFA ona qarşı münasibəti dəyişdi.
Qurum əleyhinə açıqlamalar verməsini önləmək üçün "Turan“a gətirildi. Futbol Veteranları İttifaqının sədri olan Oqtay Abdullayevin vasitəsilə.
Əslində, Talıbovun Müşahidə Şurasında heç bir işi yoxdur, O. sadəcə, müşahidə etməklə məşğuldur. Adını şura üzvü kimi qeyd ediblər ki, maaşını alsın və sakit qalsın.
Baş məşqçsi postunda da müvəqqətidir. AFFA “Turan“ı növbəti dəfə Premyer Liqaya qaytarsa, o da əvvəlki yerinə – səssiz şuraya qayıdacaq.
Qərb təmsilçisini elitada çalışdırmağa ən real namizəd də məlumdur – Ayxan Abbasov. Cari mövsümün ilk yarısında “Sumnayıt“dan ayrılan mütəxəssislə artıq təmas qurulub, şifahi razılığını alıb.
Açıq qalan yeganə məsələ AFFA-nın kluba nə qədər büdcə ayırmasıdır ki, Abbasov bunu da biləndən sonra yeni işinin başına keçəcək.
SPORTİNFO.AZ

