«AFFA nümayəndələri tez-tez rayonumuza gəlir, görülən işləri yerində yoxlayır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev söyləyib.
Növbəti sezonda Premyer Liqaya buraxılması gözlənilən I Divizion təmsilçisinin rəhbər şəxsi federasiyanın lisenziyalaşdırma tələblərini yerinə yetirməyə çalışdıqlarını qeyd edib:
«Burada bir neçə meyardan söhbət gedir. Bütün sənədləri vaxtında hazırlamışıq. Yalnız bir problemimiz var – zəmanət məktubunun verilməsi.
Gizlətmək lazım deyil, zəmanət məktubunun təqdimatı sponsordan asılıdır. Klubumuz AFFA vasitəsilə maliyyələşir, başqa dəstəyimiz yoxdur.
AFFA bu məsələni necə həll edəcək, deyə bilmərəm. Bizimlə bununla bağlı heç bir söhbət olmayıb. Əlbəttə, mən də istərdim ki, məsələ tezliklə həllini tapsın. İyunda stadionun süni qazonu yenilənəcək.
Artıq 8-9 ildir istifadə olunur, müddəti bitib. Başqa klubları bilmirəm, «Turan»da normal akademiya fəaliyyət göstərir.
6-17 yaş qrupları üzrə komandalar yaratmışıq, çempionatda oynayırıq. Builki 17 yaşlılarımız gələn mövsüm Gənclər Liqasında çıxış edəcək».

