"Axır aylar çox təzyiq altında qaldım, məni sıxan…"

20 Mart 2022 17:40 I Divizion 831
"Axır aylar çox təzyiq altında qaldım, məni sıxan…"

«İstefanı özüm verdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»dan ayrılan Rövşən Babayev deyib.

I Divizionun 17-ci turunda «Qaradağ Lökbatan»la keçirilən səfər oyunu onun üçün sonuncu olub. 0:3 hesablı məğlubiyyəti qəbul etməyən baş məşqçi qərb klubundan getməyi lazım bilib.

Bölgə təmsilçisi onun rəhbərliyi altında 5 qələbə əldə edib, 5 heç-heçəyə razılaşıb, 10 dəfə uduzub. «Turan»ı 11-ci pillədə təhvil verən Babayev ümumi mənzərə haqda bunları söyləyib:

«Açığı, ardıcıl məğlubiyyətləri həzm edə bilmədim. Rəhbərliyə zəng vurdum, halallaşdım, dedim ki, bu qədər məğlubiyyətin olmasını istəməzdim.

«Turan»ın tarixinə bu cür düşmək istəmirdim. Fikirləşdim ki, bəlkə başqa biri gələr, futbolçuları motivasiya edib komandanı qaldıra bilər.

İşlədiyim müddətdə çalışdım ki, komandanı toparlayım, nəsə yığa bilim, amma gördüm ki…

Bunu yayda etmək mümkün olmadı. Çünki həmin vaxt ora gec getmişdim. Qıraqda qalanlarla, bir də akademiyada olan uşaqlarla işlədim.

Qışda 6 transfer elədik, bəxtimizdən də hamısı zədə aldı. Buna görə çox əziyyət çəkdik. Məğlubiyyətlər məni psixoloji cəhətdən yordu.

Çalışdım ki, yaxşı olsun, bacardığım qədər tovuzlu uşaqları heyətə cəlb elədim. 11 nəfərdən 8-9 nəfəri Tovuz uşağı idi.

Yerli camaatdan çox razı qaldım. Məni həmişə dəstəklədilər. Pis iş getmirdi. Rəhbərliyin də bizdən narazılığı yox idi. Məni sıxan məğlubiyyətlər oldu.

Axır aylar çox təzyiq altında qaldım. Atam dünyasını dəyişdi, hər dəfə 500 km o tərəf-bu tərəfə gedib-gəlmək…

Evdə bir az narahatlıq var idi. Bütün gücümü qoydum ki, aşağı yaş qrupları üzrə milli komandalara akademiyamızdan çox uşaq göndərək.

Akademiyanın baş koordinatoru Adil Şükürovla normal vəhdət qurmuşduq, iş gedirdi. Divizionun ən cavan uşaqlarından biri bizdə oynayırdı. Cavanları qorxmadan oynadırdıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti