Birinci Divizionun 18-ci turunun "Sabah-2" - "Zirə-2" qarşılaşması futbolda az-az rast gəlinən qolla yadda qalıb.
Belə ki, meydan sahiblərinin qələbəsi ilə (2:0) bitən matçdakı son qolu Veysəl Rzayev künc zərbəsindən birbaşa qapıdan keçirib.
Gənc futbolçu vurduğu baxımlı qolla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
"Neçə vaxtdı oyunlarda qol vura bilmirdim. Fərqlənəndə futbolçuda özünəinam bir qədər də artır. Bu qol həm bu, həm də komandamın qələbəsinə töhfə verməyim baxımından mənim üçün çox sevindirici oldu.
Biz hər oyundan öncə standart vəziyyətlər üzərində çalışırıq. Künc zərbəsini yerinə yetirməmişdən öncə komanda yoldaşlarıma baxdım.
Demək olar, hamı qapıçı meydançasının daxilində idi. Mən də mümkün qədər topu qapı istiqamətinə yönləndirməyə çalışdım, xoşbəxtlikdən top da elə qapıya daxil oldu.
Qolu kimin və necə vurulmasından asılı olmayaraq, əsas odu ki, bu qolla komandamın qələbəsinə töhfə vermiş oldum".

