Təklənmiş Yaşar - Günahı kimin boynuna atacaqlar?

6 May 2021 14:00 I Divizion 652
Təklənmiş Yaşar - Günahı kimin boynuna atacaqlar?

Gəncə futbolu yenidən çalxalanır, “Kəpəz” təlatümlər yaşayır.

“Kəpəz”in Azərbaycan futbolundakı əhəmiyyəti haqda zaman-zaman yazmışıq, həm yaxşı, həm də çətin günlərində bu komandanı diqqət mərkəzində saxlamağa çalışmışıq.

Çox təəssüf ki, son vaxtlar “Kəpəz” daha çox çətinliklərlə, çaxnaşmalarla gündəmə gəlir. Komanda əvvəlki əzəmətindən xeyli uzaqdı. Gəncə şəhər stadionunun qəzalı tribunaları ilə “Kəpəz”in keçirdiyi çətin günlər arasında sanki mistik bir bağlılıq da var.

Rəhmətlik gənclər və idman naziri Azad Rəhimov Gəncəyə səfərlərindən birində demişdi ki, şəhər stadionunun təmiri üçün sənədlər hazırlanıb, büdcə təsdiqlənib və tezliklə Nizami yurdunun futbol arenası onun adına uyğun olacaq. Həmin vədin üzərindən xeyli müddət keçib, təmirdən isə səs-soraq yoxdu.

Düzdü, hazırda koronavirus pandemiyası səbəbindən Azərbaycanda stadionlara azarkeş buraxılmır. Bu qadağa da öz növbəsində Gəncə şəhər stadionunun qəzalı tribunalarını görünməz edib.

İnşallah, nə vaxtsa tribunalara azarkeş buraxılsa, problem yenidən özünü göstərəcək və “Kəpəz”in oyununa canlı baxmaq üçün şəhər stadionuna gedənlərin həyatı təhlükədə olacaq. Azad Rəhimov indi haqq dünyasındadı, Gəncə stadionunda təmir işlərinin yaxın zamanlarda başlamayacağı da dəqiqdi.

Elə “Kəpəz”in taleyi də qəzalı tribunalar kimidi. O boyda zirvənin adaşı olan klub AFFA-nın əlinə baxır. İllərdi “Kəpəz”in başı üzərindən min cür oyunlar oynanılır, komandaya ayrılan pullar ciblərə axır.

“Kəpəz”in hesabına milyonçuya çevrilənlər, villa sahibi olanlar oldu. İşin üstü açılanda da hərə yaxasını bir kənara çəkdi, heç nə olmamış kimi söz-söhbətin unutdurulmasına çalışdılar.

Bu rəzalətdən ən çox ziyan çəkən isə sözsüz ki, “Kəpəz” idi. İllərlə qərb bölgəsi Azərbaycan futboluna neçə-neçə istedad bəxş edib. “Kəpəz” milli komandalara xeyli futbolçu göndərib. Amma indi “Kəpəz” və Gəncə futbolu suyu sovrulmuş dəyirman kimidi. Nə əzəmətli komanda var, nə yeni istedadlar. Bir müddət əvvəl Gəncə futboluna ayrılan milyonlar kimlərinsə cibinə axdığından uşaq futboluna da diqqət ayrılmadı. Elə bu səbəbdəndi ki, xeyli vaxtdı Gəncədən futbolçu çıxmır, elita klublarında “Kəpəz”in heç bir yetirməsi oynamır. Az öncə qeyd etdim ki, “Kəpəz” də Gəncə şəhər stadionunun qəzalı tribunaları kimi bir toxunuşla yıxılacaq vəziyyətdədi. AFFA ayırdığı maliyyəni də kəssə, heç birinci divizionda da Gəncənin təmsilçisi olmayacaq.

Pulu verən kimdisə, musiqini də o sifariş verir. Azərbaycanda qayda belədi. AFFA-nın “Kəpəz”ə münasibətinin kökündə də məhz bu prinsip dayanır.

Komandanın büdcəsi milyon manatlarla ifadə olunanda “bulağın başında” Mikayıl Nərimanoğlu dayanmışdı. AFFA-nın sözçüsü klubun Müşahidə Şurasında qurumun təmsilçisi statusunda olsa da, de-fakto “Kəpəz”in birinci şəxsi kimi davranırdı. AFFA ilə sözü düz gəlməyən Gəncə rəhbərliyi komandanın idarə edilməsində formal olaraq iştirak edirdi.

Bunu həm gəncəli azarkeşlər yaxşı bilirdi, həm də “Kəpəz”lə yaxından maraqlanan idman jurnalistləri. Nərimanoğlunun yol verdiyi nöqsanlar aşkarlanandan sonra onu gah Vaqif Sadıqov əvəzlədi, gah da İslam Abbasov.

Düzdü, Sadıqovun “Kəpəz”lə bağlılığı uzun sürmədi. Səhv xatırlamıramsa, Vaqif bəy heç Gəncəyə qədər gedib çıxmadı da. Amma AFFA-da inzibatçı kimi çalışan İslam Abbasov bir müddət Gəncədə göründü. Sonrası isə bir qədər müəmmalı oldu. Abbasovu həm millidən, həm də “Kəpəz”dən uzaqlaşdırdılar. Sözümün canı başqadı deyə, bu məsələnin üzərində çox da dayanmaq istəmirəm.

“Kəpəz”i bir növ var olması xatirinə saxlayırlar. Adı olsun ki, Gəncədə böyük futbol var, AFFA “Kəpəz”ə maliyyə ayırır, şəhərin təmsilçisi çempionatda oynayır. Vəssalam. Hazırda bundan ən çox əziyyət çəkən də Yaşar Vahabzadədi. Adam faktiki meydanda tək qalıb, təzyiqlərlə təkbaşına mübarizə aparır.

Məlum məsələdi ki, Vahabzadə AFFA-ya yaxın mütəxəssisdi, müxtəlif yaş qrupları üzrə milli komandaları çalışdırmaq şərəfinə layiq görülüb. İndi vəziyyət elədi ki, Yaşar bəy uşaq komandalarının səviyyəsini aşıb, ona yenidən azyaşlılarla çalışmağı tapşırmaq yaxşı çıxmaz.

Vahabzadənin üz-gözünün öyrəşdiyi U-21 də yad əllərdədi. Milli komanda da o cümlədən. Ölkənin bir nömrəli komandasını çoxdan əcnəbilərə abunə ediblər. Belədə Yaşar Vahabzadəni işsiz saxlamamaq üçün Gəncəyə ezam ediblər. Nəticə də göz qabağındadı.

“Kəpəz” məğlubiyyətsiz irəliləyəndə, ölkə kubokunda “Sabah”ı məğlub edəndə Vahabzadənin adını çəkən yox idi. Amma indi hədəfdə odu. Ya vəlvələdən, ya da zəlzələdən, “Kəpəz” indi uğursuz günlərini yaşayır.

Sözsüz, bunda baş məşqçinin məsuliyyət payı var. Di gəl ki, AFFA-nın nəzarətində olan, Bakıdan gələn ianələrlə yaşayan komandanın Gəncə futboluna, “Kəpəz”in ad-sanına layiq olmayacağı da məlum məsələdi. Belədə bütün günahı Yaşar bəyin üzərinə atmaq nə dərəcədə düzgündü? Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadirinin qəzetimizə verdiyi müsahibədən də hiss olunur ki, klubun idarəçiləri məşqçilərin günahkar görünməsinə razıdılar. Təki onları qınayan olmasın. Yaşar Vahabzadə meydanda tək qalıb. O meydanı tərk edəndən sonra kim qalacaq, günahı kimin boynuna atacaqlar? Bunu demək çətindi (Futbol+)...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı