"Braqa"nı "Qarabağ"la yox, Bakının küləyi ilə qorxutdu

15 Fevral 13:20 Zirə 2 158
"Braqa"nı "Qarabağ"la yox, Bakının küləyi ilə qorxutdu

"Zirə"nin portuqaliyalı qapıçısı Tyaqo Silva Portuqaliya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "zerozero.pt" saytına danışan portuqaliyalı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”ya qarşı keçirəcəyi qarşılaşmadan gözləntilərindən, eləcə də Azərbaycan futbolu ilə bağlı ümumi təəssüratlarından danışıb:

"Braqa" favoritdir. Amma onlar oyuna peşəkarcasına yanaşmalıdır. Asan olacağını düşünürlərsə, səhvdir. Belə olmayacaq.

"Qarabağ"ın doğma meydanda yaxşı nəticə qazanmaq şansı daha çoxdur, çünki "Braqa" yorğun gələcək. Məsafə uzundur. Bilmirəm, birbaşa uçuş olacaq, ya yox. Adətən heç yoxdur və buna görə də səyahət adətən 9-10 saat çəkir. Son bir neçə gündə Bakıda hava yaxşılaşıb, lakin hər an küləkli gün ola bilər. Bu isə bir çox çətinliklər yaradır. Soyuqa dözmək olur, ancaq küləkli hava çətindir. Bizdə elə oyunlar olub ki, topu irəli vurursan, geri qaydır. Belə bir gün olarsa, "Qarabağ" - "Braqa" matçı çətin olacaq, cəlbedici olmayacaq. Amma əminəm ki, o vaxta qədər hava daha yaxşı olacaq".

"Zirə"nin qapıçısı Ağdam klubunun avrokuboklarda fərqli oynadığını deyib: "Qarabağ" avrokuboklarda çempionatdan fərqlidir. Liqada onlar daha çox dominantlıq edir, daha çox topa sahibdir, hücumlar həyata keçirirlər. Avropada isə hər şey əksinədir. Əks-hücumlarda çox güclüdürlər, öndə çox sürətli oyunçuları var və manevr etmək üçün yer olsa, bunu effektiv edəcəklər. Düşünürəm ki, onlar “Bayer”ə qarşı olduqları kimi çox qapalı oynayacaqlar. Belə olan halda “Braqa” topla cəld işləməli olacaq. Amma "Qarabağ"lılar yüksək intensivliyə öyrəşməyiblər. Əgər oyun sürətlənsə və top sürətlə qaçan bir oyunçudan digərinə keçirsə....Onlar buna öyrəşmirlər. Portuqaliyada 30 intensiv tur var, amma burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı daha gərgin oyunları olur. Digər komandalar isə çox qapalı və ləng oynayır. “Braqa” çempionatın ən yaxşı hücumlarından birinə sahibdir və məncə, “Qarabağ”ın müdafiəsi çətin anlar yaşayacaq. Onlar tez-tez təkbətək qalmağa öyrəşməyiblər".

Silva, “Qarabağ”a ilk turda qalib gəlməklərini xatırlayıb: “Azərbaycanda komandaların mental baxımından çatışmazlığı var. Mən bura gələndə ilk tur “Qarabağ”a qarşı idi. Yadımdadır, mövsümöncəsi Türkiyədə idim və onlar artıq qalib gəlməyin mümkün olmadığını, bunun başqa səviyyə olduğunu və şansın olmadığını deyirdilər. Soruşdum: “Niyə bu mümkün deyil? Onların da bizim kimi iki ayağı və qolu var. Hər şey mümkündür. Elə ilk oyunda “Qarabağ”a qalib gəldik. "Qarabağ" ən yaxşı komandadır və ona hörmət edilməlidir. Düşünürəm ki, onlar buna çox hörmət edirlər. Biz paradiqmanı bir az dəyişib onlarla başabaş mübarizə aparırıq. Onların bizdən üstün olduğunu düşünmürəm, amma imkanları daha çox olduğu üçün daha stabildirlər. Onlar titul uğrunda mübarizə aparmaq üçün iki heyət formalaşdıra bildilər, amma bizim daha kiçik heyət var".

Portuqaliyalı legioner Azərbaycanda yeni təcrübədən məmnunluğunu bildirib: “Burada futbol yaxşı, pozitiv və sağlamdır. Azərbaycanda Portuqaliyadakı qədər rəqabət yoxdur. Sizə bir misal deyim: bizdə bütün komandalar üçün məşq kompleksi var. Məsələn, şənbə günü bir rəqiblə oynayırsan, həftə ərzində isə onlarla yan-yana yerləşən meydanda məşq edirsən. Klublar arasında yaxşı münasibətlər var. Hamı “Qarabağ”ı möhtəşəm Avropa kampaniyasında dəstəkləyir".

Azərbaycan futbolunun inkişafı üçün nə etmək lazımdır sualına isə Silvanın cavabı belə olub: "İnsanları stadionları doldurmaq üçün səfərbər olmaq lazımdır. Azarkeşlər stadiona az gəlir. Futbol onsuz da yaxşıdır, amma burada daha bir səviyyəyə çatmaq istəyirlərsə, məncə, buna bir neçə il ərzində nail ola bilərlər. Çünki iş üçün şərait var, daha çox insanı futbola cəlb etməlidirlər. Stadionlar boşdur. “Qarabağ” və “Neftçi”nin oyunlarında daha çox azarkeş gəlir. Amma hətta bu halda da söhbət 2-3 min nəfərdən gedir. Azərbaycanda insanlar boks, MMA və Formula 1-i çox sevirlər. Nəticədə futbolu bir az kənara qoyurlar. Amma vəziyyəti dəyişməyə çalışanlar da var. “Sabah” bu istiqamətdə böyük işlər görür. Onların matçlar öncəsi fan zonası var, daha çox tamaşaçı cəlb etmək üçün impuls yaradırlar. Bu mənada onlar hamıdan öndədirlər. Portuqaliya ilə müqayisədə burada çox az azarkeş var. Braqada "Qarabağ"ın qarşısında çətin tapşırıq olacaq, çünki stadionda ab-hava tamam başqadır. Burda az sayda azarkeş var. Onlar Portuqaliyadakı kimi futbol üçün yaşayanlardır".

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı