Hər işdə bir xeyir var.
Bir dəqiqə sonra başına nə iş gələcəyini özün də bilmirsən.
Rəşad Sadıqov mayın sonunda növbəti planını qurmağa başlayanda tamam fərqli fikirlər içində beynini yorurdu.
İş elə gətirdi ki, UEFA «Turan Tovuz»u avrokuboklara buraxmadı və yerinə «Zirə» Konfrans Liqasında iştirak hüququ əldə etdi.
Bu proses hardasa 20 gün vaxt aldı. Ona qədər isə «Zirə»dən gedən getmişdi.
Belə vəziyyətdə yeni komanda qurmaq, əyər-əskikləri düzəltmək, «Torpedo» ilə oyunlara hazırlaşmaq doğrudan da, zülm işdir.
Sadıqov bunu bacardı. Ölkəsində çempionatı davam eləyən, Superkuboku qazanan bir rəqiblə qarşılaşmalarda «Zirə»nin hökmünü gördük.
Sumqayıtda və Kutaisidə 3:0-lıq qələbələr baş məşqçi amiilinin qiymətini bəlli edir.
İki daşın arasında heyətə «əl gəzdirərək», qısamüddətli hazırlıq keçərək meydana çıxmaq və qazanmaq Rəşad Sadıqovun bir mütəxəssis olaraq böyüdüyünü, ciddi təcrübə yığdığını göstərir. O, hər keçən gün bir az da artırır.
Bütün məşqçilər nəticəyə hesablanmış oyun modeli üzərində işləyir. Əlindəki material nədirsə, ona uyğun seçim edirsən.
«Zirə»yə toplaşanlar əsasən ikinci-üçüncü dərəcəli futbolçulardır, onların daha iddialı və imkanlı klublarda yeri yoxdur.
Sərbəst agent olsalar, birinin qarşısına müqavilə sənədi qoymazlar. Nə dolu, nə boş. «Qarabağ», «Sabah» və «Neftçi» birinin üzünə baxmaz.
Sadqov bu klublara lazım olmayanlarla, «Şamaxı»dan, «Qəbələ»dən gətirdikləri ilə sistem komandası formalaşdıra bilirsə və Konfrans Liqasında mərhələ adlayırsa, alnından öpmək, azı üç dəfə «sağ ol» demək lazımdır.
Nə etsin ki, yerlidir, əcnəbi deyil. Yoxsa çoxdan şəninə təriflər yağdırmışdıq, haqqında miflər yaratmışdıq. Özümüzünküdür deyə, görməzdən gəlirik əziyyətini, elədiklərini heç sayırıq.
Hətta içimizdən çıxan bəzi futboldan anlamazlar onu qorxaq futbol oynatmaqda qınayır.
Adam hər ii oyunu 3:0 udub e! Kutasi dağılır e, bu dəqiqə!
Klubun prezidentini döymək istəyir e, «Torpedo» azarkeşi!
Baş məşqçini qovmağı tələb edir e, yerli camaat!
İstirahətdən yarımçıq qayıtmış, normal dincələ bilməmiş, gedəni gələnə, gələni gedənə qarışmış heyətlə sən «Torpedo»nu udursansa, deməli, bir məşqçi olaraq doğru yoldasan, işinin çəmini düz tutmusan.
Bu dar macalda qəzadan qaçmısansa, qədərinə şükür etməlisən.
MUSA

