“Zirə” Konfrans Liqasına möhtəşəm başladı.
İyulun 8-də Sumqayıtda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub edən “qartallar” Gürcüstan səfərində yenə darmadağına sevindi.
Cavab qarşılaşmasında meydan sahiblərinin ən azından qələbə qazanacağına ümid edənlərin sayı az deyildi.
Hətta matçdan öncə “Torpedo”nun qapıçısı Oto Qoşadze verdiyi açıqlamada azarkeşləri stadiona səslənmiş, mərhələni adlamaq üçün əllərindən gələni edəcəklərini bəyan etmişdi. Stadionun tablosuna isə “Why not?!” (Niyə də yox?!) sloqanı həkk olunmuşdu.
“Zirə” möcüzəyə imkan vermədi.
70 dəqiqə üstün futbol oynayan təmsilçimiz Kutaisidə daha 3 qol vurub, stadionun adını daşıyan əfsanəvi futbolçu Ramaz Şengeliyanın ruhunu incitdi.
Artıq ilk hissənin gedişində azarkeşlər özlərinə yer tapmırdı. Bütün günahı Dirk Şusterdə görən gürcü fanatlar alman çalışdırıcını dəfələrlə istefaya səsləməklə diqqət çəkdi.
Bu azmış kimi, klubun prezidenti David Kereselidzedən baş məşqçinin yola salınmasını tələb etdilər.
Oyun başa çatandan sonra klubun sosial media səhifələrində “Torpedo”nun “Zirə”yə 0:3 hesablı məğlubiyyətini əks etdirən poster paylaşılmışdı.
7 dəqiqə ərzində 100-dən artıq azarkeş narazılığını bildirməklə Kutaisidə vəziyyətin yaxşı olmadığına işarə vermişdi. Klub prezidenti ilə baş məşqçinin ünvanına yönələn tənqid və təhqirlərin ardı-arası kəsilmirdi.
Xoş olmayan mənzərə ilə tanış olan rəsmilər paylaşımın silinməsini tələb edib. Nəticədə indiki dəqiqəyə qədər sosial media səhifələrində “Torpedo”nun “Zirə”yə 0:3 hesabı ilə məğlub olması barədə paylaşım yoxdur.
Yekun hesab yalnız “hekayə” bölməsində yer alıb ki, o da 24 saatın tamamında qeyb olacaq.
Beləliklə, Azərbaycan klubu Gürcüstan təmsilçisinin iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə məğlub etməklə Kutaisidə aranın qarışmasına, azarkeşlərlə klubun arasında soyuqluğun yaranmasına və nəticə ilə bağlı paylaşımın silinməsinə səbəb oldu.
Həmin “Zirə” ki, Konfrans Liqasında iştirak edəcəyi oyunlarına startına üç həftə qalmış məlum olmuşdu.
Növbəti mərhələdəki rəqib Estoniya “Payde”sidir.
HƏBİB / SPORTİNFO.AZ

