“Zirə” Konfrans Liqasında mərhələ adlamağa yaxındır.
1-ci mərhələnin ilk matçında Kutaisi “Toepedo”sunu darmadağın edən (3:0) “qartallar” bir neçə dəqiqədən sonra cavab görüşünə çıxacaq.
Kutaisidəki mənbənin Sportinfo.az-a verdiyi məlumata görə, qarşılaşmanın startına təxminən 3 saat qalmış 5 minə civarında bilet satılıb.
Oyun saatına qədər sayın bir az artacağını nəzərə alsaq, 12 minlik stadionun ən yaxşı halda yarısının dolacağını deyə bilərik.
Ötən həftə Sumqayıtda biabırçı hesabla uduzan Kutaisi təmsilçisi tərəfdarlarını sözün əsl mənasında incidib. Qeydə alınan nəticədən sonra “Torpedo”nun möcüzəyə imza ataraq mərhələni adlayacağına inananların sayı çox azdır.
Azərbaycanlı azarkeşlərə gəlincə, bu mənada vəziyyət ürəkaçan deyil.
Əvvəlki illərdə təmsilçilərimizin “Zestafoni”, “Samtredia”, “Çixura”, “Dinamo Tbilisi” ilə Gürcüstandakı qarşılaşmalarında azı 50-100, bəzən 200-300 tərəfdara rast gəlmək olurdu.
Bu da həmin vaxt quru sərhədlərinin açıq olmasıyla bağlıydı. Yəni Azərbaycandan Gürcüstana gedib-qayıtmaq həm futbola baxmaq, həm də gəzib-dolaşmaq baxımından kifayət qədər rahat və ucuz başa gəlirdi.
Hazırda quru sərhədləri bağlı olduğundan, qatara bilet tapmaq müşkülə çevrildiyindən, təyyarə biletlərinin qiymətləri “əl yandırdığından” Bakıdan Kutaisiyə getmək əlçatan deyil.
Odur ki, “Zirə” tribunalardan dəstək ala bilməyəcək. Mümkündür ki, Gürcüstanda yaşayan, yaxud işləyən azərbaycanlılar stadionun yolunu tutsun.
Onların sayı 10-15, ən yaxşı halda 20 nəfər olacaq. Təbii ki, gəlsələr və dəstək vermək fikrinə düşsələr.
Bu gün Ramaz Şengeliya adına stadionda keçiriləcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB

